EN

Əmək Məcəlləsində vacib yenilik: məzuniyyət ödənişləri və… – AÇIQLANDI

Növbəti ildən dəyişikliklər edilməsi gözlənilən qanunvericilik aktlarından biri də Əmək Məcəlləsidir. Sənəddə bəzi kateqoriyadan olan işçilərə verilən güzəştlərin əhatə dairəsinin genişləndirilməsi, əməkhaqqı və məzuniyyət ödənişlərinin hesablanması, ödənilməsi ilə bağlı yeni qaydaların işə düşməsi, distant iş rejiminə keçidin rəsmiləşdirilməsi və digər yeniliklər əksini tapıb.

Təklif edilən dəyişikliklərə əsasən, məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı bəzi dövrlər artıq nəzərə alınmayacaq və həmin dövrlər əməkhaqqı ödənilmiş yaxın və tam təqvim ayları ilə əvəz olunacaq. Ümumiyyətlə, məzuniyyət vaxtı üçün orta əməkhaqqı, məzuniyyətin başlandığı aydan əvvəlki 12 təqvim ayı ərzində qazanılmış əməkhaqqının cəminin 12-yə (orta aylıq), sonra isə 30,4-ə (orta aylıq təqvim günü) bölünməsi və alınan günlük məbləğin məzuniyyət günlərinin sayına vurulması ilə hesablanır.

NOCOMMENT.az-a məsələni şərh edən hüquqşünas Elşad İsayev deyib ki, məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması qaydası və ödənilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən tənzimlənir:

“Məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq, məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir.
12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına – 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir”.

“Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əməkhaqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əməkhaqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər. Məzuniyyət vaxtı üçün hesablanmış orta əməkhaqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir”, – hüquqşünas diqqətə çatdırıb.

Tunar

Chosen
15
nocomment.az

1Sources