EN

Naxçıvanda “Konstitusiya, Suverenlik və yeni siyasi konfiqurasiya: tarixi irs, müasir çağırışlar, gələcəyə baxış” kitabının təqdimatı olub

Naxçıvan, 31 yanvar, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Konstitusiya, Suverenlik və yeni siyasi konfiqurasiya: tarixi irs, müasir çağırışlar, gələcəyə baxış” adlı kitabın təqdimatı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev kitab haqqında fikirlərini bölüşüb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Arzu Abdullayevin müəllifi olduğu “Konstitusiya, Suverenlik və yeni siyasi konfiqurasiya: tarixi irs, müasir çağırışlar, gələcəyə baxış” adlı kitabda Prezident İlham Əliyevin milli dövlət quruculuğu və siyasi idarəçiliyinin şərəfli mərhələsinə konseptual elmi və tarixi şərh verilib. Müəllifin uzunmüddətli araşdırmalarının nəticəsi kimi ərsəyə gələn nəşr həm elmi tədqiqatçılar üçün fundamental baza, həm də tələbələr üçün dəyərli dərs vəsaiti kimi mühüm əhəmiyyətə malikdir.

Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev qeyd edib ki, nəşr xalqımızın milli ruhundan qaynaqlanan konstitusiya, suverenlik və siyasi sistem quruculuğu tarixindən bəhs edən mühüm elmi töhfədir.

Elşad Əliyev vurğulayıb ki, kitabda Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan milli inkişaf strategiyasının real nəticələri olaraq, son 30 ildən artıq dövrdə respublikamızda həyata keçirilmiş iqtisadi, sosial, siyasi və hüquqi quruculuq proseslərinin inkişaf yolu əhatəli şəkildə təhlil olunur.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Müslüm Cabbarzadə çıxış edib, fikirlərini bölüşüblər.

Chosen
12
2
azertag.az

3Sources