
Bakıda qeydiyyatdan keçən sürücülər Sumqayıtda, Sumqayıtda qeydiyyatda olanlar isə Bakıda sərnişin götürə bilmirlər. Taksi fəaliyyəti ilə məşğul olan sürücülər üçün tətbiq edilən yeni qaydalar narazılığa səbəb olub. Nəticədə gediş haqqı qiymətləri bir neçə dəfə artıb.
AFN.az Xezerxeber.az-a istinadən xəbər verir ki, taksi sürücüləri artıq Bakıdan kənar istənilən bölgədə fəaliyyət göstərmək üçün həmin ərazi üzrə ayrıca buraxılış kartı almalıdırlar. Yeni tələblərə əsasən, əgər sürücü Bakıda qeydiyyatdan keçibsə və Sumqayıta sifariş aparırsa, əks istiqamətdə sərnişin götürmək üçün onun Sumqayıt üzrə buraxılış kartı olmalıdır. Əks halda, sürücü həmin ərazidə fəaliyyət göstərə bilməyəcək.
Sürücülər bildirirlər ki, bir ərazidən digərinə sərnişin aparan taksi mütləq dolu qayıtmalıdır. Əks halda, bu, avtomatik olaraq qiymət artımına səbəb olur. Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayevin sözlərinə görə, bu qaydanın tətbiqi yollardakı yüklənməni azaltmağa yönəlib.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, qanuna əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımaları yalnız buraxılış kartında göstərilən ərazi hüdudlarında həyata keçirilə bilər. Həmin tələblərin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən sürücülər 50 manat məbləğində cərimə edilə bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.