EN

2 Fevral Azərbaycan Gəncləri Günü ilə əlaqədar!

Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu Öndərin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasətin nəticəsində respublikamızda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə və milli düşüncəyə malik gənclər formalaşdı.

Heydər Əliyev hələ Azərbaycan Respublikası Ali Sovetinin Sədri olarkən 1993-cü ilin 22 sentyabrında ilk olaraq gənclərin nümayəndələri ilə görüşərək onlara müraciətində bildirmişdi: “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir. Siz, Azərbaycan xalqının gənc nəsli, bu gün də müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında böyük rol oynayırsınız. Eyni zamanda, müstəqillik yoluna düşmüş Azərbaycan dövlətinin gələcəyinin, xalqımızın daha firavan yaşamasının təməlini qoymaqda iştirak edirsiniz. Buna görə də sizə ümid bəsləyirik.”

Ümummilli Liderimiz Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. 1995-ci ildə Azərbaycan Respublikası GənclərTəşkilatlarının Milli Şurası yaradıldı və Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. 2 fevral 1996-ci ildə gənclərin I Forumu keçirildi.

1997-ci il fevralın 1-də Forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ulu Öndər Heydər Əliyev 2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Fərman imzaladı.

2 mart 1999-cu il tarixdə Azərbaycan Gənclərinin İkinci Forumundakı çıxışında Ulu Öndər Heydər Əliyev “XXI əsr gənclərin əsridir” deyərək gənclərə verilən dəyəri və onların ölkənin inkişafı üçün üzərlərinə götürdüyü məsuliyyəti göstərmiş oldu.

1999-cu ildə Heydər Əliyev tərəfindən imzalanan dövlət gənclər siyasəti haqqında Fərman bu sahəyə Prezident səviyyəsində böyük önəm verilməsinin təzahürü kimi qiymətləndirilə bilər. Fərmana müvafiq olaraq ''Gənclər siyasəti haqqında'' Azərbaycan Respublikasının Qanunu qəbul edilib və 9 aprel 2002-ci il tarixində Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanıb.

Ulu Öndərin illər öncə əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Məhz bunun nəticəsidir ki, gənclər siyasəti ölkədə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir.

2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Azərbaycan gəncliyi Dövlət Proqramı" (2005-2009-cu illər) imzalanıb. Proqrama gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin həyata keçirilməsi və idmanın inkişaf etdirilməsi, ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, kimi vəzifələr daxil edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2007-ci il "Gənclər ili" elan edilməsi dövlət başçısının Azərbaycan gəncliyinin savadına, bacarığına, gələcəyinə böyük inamla yanaşmasının əyani təzahürüdür.

Tarixi missiyanı həyata keçirən bizim qəhrəman gənclərimiz xalq və Vətən qarısında misilsiz xidmətlər göstərmişlər. Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan şanlı Zəfər
ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımızınotuz illik həsrətinə son qoydu və bizləri tarixi torpaqlarımıza qovuşdurdu.

Bu gün gənclər fəxr edirlər ki, məhz Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanınvətəndaşıdırlar. Biz tam əminliklə deyə bilərik ki, gənclərimiz bundan sonra da Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, qüdrətinin artması yolunda əllərindən gələni edəcəklər.

Altun Şeydayev,

YAP Ağsu rayon təşkilatının sədr müavini

Chosen
32
redaktor.az

1Sources