“İrana qarşı artan hərbi-siyasi gərginlik region üçün ciddi risklər yaradır. ABŞ-ın ehtimal olunan hərbi əməliyyatları İranla məhdudlaşmayacaq”.
Bu sözləri NOCOMMENT.az-a politoloq Bakir Həsənbəyli İran–ABŞ gərginliyi fonunda son prosesləri şərh edərkən deyib.
Onun sözlərinə görə, bu vəziyyət eyni zamanda Yaxın Şərq və Cənubi Qafqaz üçün təhlükəsizlik problemlərinə yol aça bilər:
“Bu proses xüsusilə İranla müxtəlif bağlara malik region ölkələri, eyni zamanda Azərbaycan üçün həssas nəticələr doğura bilər. Türkiyənin diplomatik vasitəçilik səyləri, münaqişənin müharibəyə çevrilməsinin qarşısını almaq istiqamətində atdığı addımlar regional sabitliyin qorunması baxımından əhəmiyyət kəsb edir. ABŞ İranı hədəf alaraq hərbi əməliyyatlara başlasa, bunun təsiri təkcə İranla məhdudlaşmayacaq. Bu proses region ölkələrinə, o cümlədən Azərbaycana təsir göstərəcək. Nəzərə almaq lazımdır ki, İran əhalisinin az qala yarısı azərbaycanlılardan ibarətdir. Bundan əlavə, mümkün hərbi gərginlik Yaxın Şərqdən Qafqaza doğru təhlükəsizlik risklərini artıra bilər. Hazırda diplomatik kanallar hələ tam bağlanmayıb.
Ankara münaqişənin genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısını almaq üçün diplomatik səylərini davam etdirir. Türkiyənin bu mövqeyi regionda vəziyyətin mürəkkəbləşdiyi bir şəraitdə xüsusi əhəmiyyət daşıyır. ABŞ-ın İrana qarşı ritorikasında İsrail faktorunun ciddi təsiri özünü göstərir. Tramp administrasiyasının arqumentləri İranın nüvə proqramı və İsrail üçün potensial təhlükə yaradan ballistik raket imkanları ilə bağlıdır”.
Politoloq qeyd edib ki, İsrail regionda gərginliyin artmasında maraqlı görünür:
“Əsas risklərdən biri Hörmüz boğazının bağlanması ehtimalıdır. Bu boğazdan dünya neft daşımalarının təxminən 25 faizi keçir. Bu boğazın blokadaya alınması qlobal enerji bazarlarında ciddi qiymət artımına və inflyasiyanın yüksəlməsinə səbəb ola bilər. Bu isə Tramp administrasiyasının iqtisadi siyasətinə uyğun deyil. İran daxilində mümkün xaos Türkiyə üçün əlavə problemlər yarada bilər. İranın zəifləməsi regionda miqrasiya axınlarını artıra, Suriyadakı vəziyyətə və Türkiyənin təhlükəsizlik strategiyasına mənfi təsir göstərə bilər. Bu ssenari İsrailin maraqlarına uyğun olsa da, Türkiyənin regional balans siyasəti ilə üst-üstə düşmür. Ankara hesab edir ki, kompromis mümkündür və müharibə region xalqları üçün ağır nəticələr doğuracaq.
Türkiyənin əsas məqsədi regionda sabitliyi qorumaq, dialoq kanallarını açıq saxlamaq və böyük güclər arasında mümkün qarşıdurmanın Cənubi Qafqaza və Yaxın Şərqə yayılmasının qarşısını almaqdır. Bu mövqe regionun ümumi təhlükəsizlik maraqlarına uyğundur. İran–ABŞ və İsrail münasibətləri geri dönüşü olmayan mərhələyə qədəm qoya bilər. Tramp administrasiyasının bunun nə dərəcədə fərqində olub-olmamasından asılı olmayaraq, İranda qısa müddətdə qələbə qazanmaq və köklü dəyişiklikləri təmin etmək asan olmayacaq. Yaxın keçmişdə Suriyada müşahidə edildiyi kimi, ölkənin qanlı münaqişəyə sürüklənməsi İran məsələsinin önümüzdəki illərdə Türkiyənin əsas xarici siyasət mövzularından birinə çevrilməsi ehtimalını artırır”.
Atilla Rzasoy