EN

Azər Kərimli: “Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti Ulu Öndər Heydər Əliyevin strateji baxışının və dövlətçilik fəlsəfəsinin davamlılığını nümayiş etdirir”



“Azərbaycanın müasir gənclər siyasətinin ideoloji və institusional əsasları Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsi ilə sıx bağlıdır. Məhz onun hakimiyyətə qayıdışından sonra gənc nəslə münasibət dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi. Ulu Öndər Azərbaycanı gənclər ölkəsi adlandırmaqla bu sosial təbəqənin yalnız gələcəyin deyil, həm də bu günün aparıcı qüvvəsi olduğunu bəyan edirdi. Gənclərin cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirakı üçün yaradılan şərait dövlətin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsinə çevrildi. Bu siyasətin institusional əsaslarının formalaşdırılması məqsədilə 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması tarixi qərar oldu. Nazirliyin fəaliyyəti gənclərlə bağlı təşəbbüslərin vahid mərkəzdən əlaqələndirilməsinə, bu sahədə ardıcıl və məqsədyönlü siyasətin aparılmasına imkan verdi. Ardınca qəbul edilən fərmanlar və proqramlar gənclərin hüquqlarının təmin olunmasına, onların təşəbbüskarlığının stimullaşdırılmasına və ictimai proseslərdə rolunun gücləndirilməsinə xidmət etdi.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, Ulu Öndərin xüsusi diqqət ayırdığı istiqamətlərdən biri də təhsil və insan kapitalının inkişafı idi: “Sovet dövründə formalaşmış qabaqcıl təhsil ənənələrinin qorunub saxlanılması və yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilməsi strateji xətt kimi müəyyən olundu. Xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclərin sayının artması, onların sosial təminatının dövlət tərəfindən qarşılanması və “Prezident təqaüdü” kimi təşəbbüslər Ümummilli Liderin təhsilə verdiyi dəyərin bariz nümunəsidir. 1996-cı ildə keçirilən Azərbaycan Gənclərinin I Forumu isə gənclər siyasətinin ideoloji əsaslarının formalaşmasında mühüm mərhələ oldu. Ulu Öndərin həmin forumda səsləndirdiyi “Hər bir Azərbaycan gənci müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünməlidir” fikri gənclərin vətəndaşlıq mövqeyini və məsuliyyətini müəyyən edən strateji çağırış idi. Elə həmin dövrdə təsis olunan Azərbaycan Gəncləri Günü isə gənclərə göstərilən dövlət diqqətinin simvoluna çevrildi. İstedadlı gənclərin üzə çıxarılması və dəstəklənməsi məqsədilə yaradılan “Qızıl kitab” və xüsusi təqaüd mexanizmi dövlətin gənc nəslə münasibətində fərdi yanaşmanın mövcudluğunu göstərirdi. Bu təşəbbüslər gənclərdə rəqabət ruhunu gücləndirdi, istedadın qiymətləndirildiyi bir mühit formalaşdırdı. Bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Dövlət başçısının 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır. “Qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyasının icrası çərçivəsində gənclərin qabaqcıl xarici təhsil proqramlarına cəlb edilməsi təşkil olunmuşdur. Əlbəttə ki, müasir Azərbaycan gəncliyindən bəhs edərkən belə bir mühüm məqam da xüsusi qeyd olunmalıdır ki, 44 günlük Vətən müharibəsində də gənclərin rolu həlledici olmuşdur. Məhz gənclərimizin rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımızı otuz illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdurdu. Müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi Qələbəni Azərbaycan xalqına bəxş etdilər. Eyni zamanda da Vətən müharibəsi dövründə gənc nəsil sosial şəbəkələrdə çox fəal oldular və müharibə zamanı gedən informasiya müharibəsində də Azərbaycanın qalib gəlməsində böyük rol oynadılar. Həm də təkcə Azərbaycan vətəndaşlarının deyil, bütün dünya azərbaycanlılarının səyləri bu qələbəyə mühüm töhfə oldu. Bütün bunlar bir daha göstərir ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi gənclər siyasəti modeli Azərbaycan dövlətçiliyinin dayanıqlı inkişafına xidmət edən strateji platformaya çevrilib və bu gün də öz aktuallığını qoruyur” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb.



Chosen
43
aia.az

1Sources