İspaniyalı futbol mütəxəssisi Albert Riera Almaniyanın “Ayntraxt” (Frankfurt) komandasının baş məşqçi postuna təyin edilib.
Arena.az bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidmətinə istinadən məlumat verir.
Sloveniyanın “Çelye” komandasına rəhbərlik edən 43 yaşlı mütəxəssis Almaniya klubundan aldığı təklifi müsbət dəyərləndirib. O, “Ayntraxt”la 2028-ci ilin 30 iyununadək nəzərdə tutulmuş müqavilə imzalayıb.
Xatırladaq ki, “Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda məhz “Ayntraxt”la qarşılaşmış və Bakıda 3:2 hesabı ilə qələbə qazanmışdı. Almaniya klubu məhz bu oyundan bir neçə gün öncə baş məşqçisi Dino Topmöllerlə yollarını ayırmağa qərar vermişdi.
“Ayntraxt” ÇL-də ilk 24 komanda arasında yer ala bilmədiyi üçün bu turnirlə vidalaşıb. Frankfurt təmsilçisi Almaniya Bundesliqasının cari mövsümündə isə 19 oyuna topladığı 27 xalla 8-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Albert Riera məşqçiliyə Türkiyənin “Qalatasaray” komandasında köməkçi kimi başlayıb. O, 2022-ci ildə Sloveniyanın “Olimpiya” (Lyublyana) komandasına baş məşqçi təyin edilib. Fransada “Bordo”nu da çalışdırmış ispan mütəxəssis məhz “Çelye”dəki fəaliyyəti ilə daha çox diqqət çəkib.
