EN

Cənubi Afrika İsrailin diplomatını ölkədən çıxardı

Cənubi Afrika Respublikası İsrailin müvəqqəti işlər vəkili (maslahatgüzarı) Ariel Seydmanı ölkədən çıxarıb.

Cənubi Afrika Xarici İşlər Nazirliyinin qərarına əsasən, diplomatın “diplomatik normaları pozması” və ölkə prezidenti Siril Ramafosa barədə “təhlükə və təhqir məzmunlu açıqlamalar” verməsi bu addıma səbəb olub.

Editor.az BBC-yə istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyi Ariel Seydmanın arzuolunmaz şəxs (persona non grata) elan edildiyini və onun 72 saat ərzində ölkəni tərk etməli olduğunu bildirib. Diplomat sosial şəbəkələr vasitəsilə Prezident Ramafosaya qarşı hücumlar etməkdə, həmçinin İsrailli rəsmi şəxsləri müvafiq icazə olmadan Cənubi Afrikaya dəvət etməkdə ittiham olunur.

Nazirlik Seydmanın ölkədən çıxarılmasını elan edərkən onun hərəkətlərini “diplomatik toxunulmazlığın kobud şəkildə sui-istifadəsi” kimi qiymətləndirib.

Qeyd edək ki, Ariel Seydman ötən il İsrailin Cənubi Afrikadakı səfirliyinə müvəqqəti işlər vəkili təyin edilmişdi. Hazırda İsrailin bu ölkədə rəsmi səfiri yoxdur.

Televiziya kanalının məlumatına görə, Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində İsraili fələstinlilərə qarşı soyqırım törətməkdə ittiham etməsindən sonra iki ölkə arasında münasibətlər daha da gərginləşib. İsrail tərəfi isə bu ittihamları rədd edib.

//Gülnarə Abasova, Editor.az

Chosen
23
editor.az

1Sources