Türkiyədə restoran, kafe, şirniyyat mağazası, eləcə də, digər qida və içki müəssisələrində istehlakçılardan xidmət haqqı, masa haqqı, örtük haqqı və ya oxşar adlarla əlavə ödənişlərin tələb edilməsi qadağan olunub.
Bu qərar Türkiyə Ticarət Nazirliyi tərəfindən hazırlanmış “Qiymət etiket qaydalarında dəyişiklik edilməsinə dair Qayda”nın qüvvəyə minməsi ilə rəsmiləşib.
Yeni qaydalara əsasən, Türkiyədə fəaliyyət göstərən qida və içki müəssisələri menyuda göstərilən qiymətlərdən əlavə olaraq istehlakçılardan heç bir məcburi ödəniş tələb edə bilməz.
Dəyişiklik qiymət şəffaflığının artırılmasını və istehlakçı hüquqlarının daha effektiv qorunmasını məqsəd qoyur. Qaydalara əməl etməyən müəssisələr barəsində mövcud qanunvericiliyə uyğun olaraq inzibati tədbirlər görüləcək.
Qeyd edək ki, Azərbaycanda da kafe və restoranla, qida və içki obyektlərində müxtəlif əlavə ödənişlər tələb edilir.
Belə ki, bir sıra restoranlar müştəridən “depozit”, eləcə də menyudan əlavə xidmət haqqı tələb edir. Həmin iaşə müəssisələrinə daxil olan müştərilərin mütləq əlavə vəsaiti olmalıdır ki, hesabı tam ödəyə bilsin. İaşə obyektlərində bu sahədə vəziyyət nə dərəcədə qanunauyğundur və bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Məsələ ilə bağlı “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov “Cebheinfo.az”-a bildirib ki, Türkiyədə əlavə servis haqqı, əlavə ödənişlər məsələsi ləğvi çox əhəmiyyətlidir:

“Bizə bu barədə oradakı həmkarlarımız məlumat veriblər. Bu, çox vacibdir. Əgər istehlakçının istifadə etdiyi otaqda multimedia, əlavə avadanlıqlardan istifadə edirsə, ola bilər ki, bu, menyuya yazılsın. Türkiyədə menyuya yazılmayanlardan əlavə haqqın alınması qadağan edilib. Ancaq Azərbaycanda bu bəla sürətlə irəliləyir. Azərbaycan hökumətinin biznes qurumları üçün yaratdığı toxunulmazlıq şəraitindən sui-istifadə olunur”.
Ekspert bildirib ki, artıq bu qanunsuzluq, istehlakçı hüquqlarının pozulması bir normaya çevrilib:
“Ümumiyyətlə, hər hansı bir qanun, hüquq pozuntusunun qarşısı alınmazsa, cəza olmazsa, sonra o, normaya çevrilir və cəmiyyətdə yaşayır. Ancaq inanmıram ki, Azərbaycanda yaxın 1 ildə belə bir qərar qəbul edilsin. Buna mən inana bilmirəm.
Çünki ölkədə istehlakçı hüquqlarının qorunması çox pis, çox aşağı səviyyədədir. Ona görə də inanmıram ki, Azərbaycanda bu dəyişiklik olsun. Bu vəziyyət Azərbaycanda turizmin inkişafına böyük bir zərbə endirir”.