Bakı, 30 yanvar, AZƏRTAC
Püşkün nəticəsi qarşıdakı mərhələnin “Qarabağ” üçün asan olmayacağını göstərir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA-nın texniki direktoru vəzifəsində çalışan Cahangir Həsənzadə “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin “Nyukasl” komandasına rəqib olması barədə danışarkən deyib.
Azərbaycan millisinin və Ağdam təmsilçisinin sabiq qapıçısı bildirib ki, turnirin bu raundunda zəif rəqib anlayışı yoxdur: “Artıq çempionluğa aparan yolun astanasındayıq və bu raundda asan rəqib gözləmək düzgün deyil. Bu baxımdan “Nyukasl”ı “Qarabağ” üçün uyğun və ya zəif rəqib kimi xarakterizə etmək olmaz. Hər bir halda komandamızı çətin oyunlar gözləyir”.
C.Həsənzadə püşkün nəticəsini ümumilikdə müsbət qiymətləndirib: “İki potensial rəqib arasında seçim etsək, “Nyukasl”ın “Qarabağ” üçün ən optimal variant olduğunu deyə bilərik. Digər mümkün rəqib PSJ Avropa futbolunun nəhəng klublarından biridir. Bu komanda ilə qarşılaşmaq həm oyun keyfiyyəti, həm də təcrübə baxımından daha çətin olardı. Məhz bu səbəbdən püşkün nəticəsini “Qarabağ” üçün nisbətən uğurlu hesab edə bilərik”.
Veteran qolkiper Azərbaycan çempionundan bu mərhələdə də baxımlı və mübariz futbol gözlədiyini vurğulayıb: “Ümid edirəm ki, komanda “Nyukasl”a qarşı da yaxşı və baxımlı oyun nümayiş etdirəcək. Bu mərhələdə də təmsilçimizdən uğurlu nəticələr gözləyirik”.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları fevralın 17-18-də, cavab matçları isə 24-25-də təşkil olunacaq. “Qarabağ” “Nyukasl”la ilk görüşü Bakıda keçirəcək.