EN

Suriya hökuməti və YPG razılıq əldə edib

Suriya dövlət televiziyası Suriya hökuməti ilə terror təşkilatı YPG arasında atəşkəs və mərhələli inteqrasiyanı nəzərdə tutan yeni bir razılaşmanın əldə olunduğunu bildirib.

"Cebheinfo.az" xəbər verir ki, hökumət mənbələrinə istinadən verilən məlumatda, Dəməşq rəhbərliyi ilə YPG-nin hərbi və inzibati strukturların kademeli inteqrasiyasını hədəfləyən genişmiqyaslı bir sənəd imzaladıqları bildirilir.

Razılaşma Suriya qüvvələri ilə YPG ünsürləri arasında atəşkəsin təmin edilməsini, hər iki tərəfin hərbi və inzibati güclərinin mərhələli şəkildə birləşdirilməsini nəzərdə tutur.

Bu çərçivədə "təmas xətlərindən hərbi qüvvələrin çəkilməsi və sabitliyin gücləndirilməsi məqsədilə Suriya Daxili İşlər Nazirliyinə bağlı təhlükəsizlik qüvvələrinin Həsəkə və Qamışlı şəhər mərkəzlərinə daxil olması barədə" razılıq əldə edilib.

Sənəddə həmçinin, "bölgədəki təhlükəsizlik qüvvələrinin inteqrasiya prosesinin başladılması, YPG-yə bağlı üç briqadanı ehtiva edən bir hərbi diviziyanın yaradılması, Aynularab (Kobani) qüvvələrinə bağlı bir briqadanın isə Hələb vilayətindəki bir diviziyanın tərkibində təşkil edilməsi" qeyd olunub.

Bununla yanaşı, razılaşma YPG-nin işğalı altındakı bölgələrdəki qondarma "muxtar administrasiya" qurumlarının Suriya dövlət qurumları ilə birləşdirilməsini və mülki işçilərin kadrlarının qorunmasını da əhatə edir.

Suriyadakı kürd icmasının mülki və təhsil hüquqlarının tənzimlənməsi, habelə didərgin düşmüş şəxslərin öz bölgələrinə qayıdışının təmin edilməsi mövzusunda da tərəflərin uzlaşdığı bildirilir.

Razılaşmanın məqsədi Suriya torpaqlarının bütövlüyünü təmin etmək, qanunun tətbiqini və tərəflər arasında əməkdaşlığı gücləndirməklə bölgədə tam inteqrasiyanı həyata keçirmək, habelə ölkənin yenidən qurulması üçün səyləri birləşdirməkdir.

Chosen
31
50
cebheinfo.az

10Sources