EN

Əli Həsənov riyakarlığının fəlsəfəsi: maskaların karuseli

Cəmiyyət olaraq bu gün Ramiz Mehdiyev xəyanətlərinə və cinayətlərinə fokuslanmışıq. Bu da təsadüfi deyil. Çünki Ramiz Mehdiyev Azərbaycanın siyasi həyatında uzun illər dövlət idarəçiliyinin mərkəzində dayanmış, ideoloji və elmi dairələrdə mühüm mövqe tutmuş bir fenomen kimi tanınır. Lakin onun fəaliyyətinin son mərhələsində cəmiyyətin gözündə formalaşan “xəyanət” anlayışı, sadəcə siyasi hadisələrin nəticəsi deyil, həm də mənəvi və fəlsəfi bir təzahür kimi dəyərləndirilə bilər.

Əminliklə demək olar ki, Ramiz Mehdiyev xəyanətinin fəlsəfəsi, əslində, hakimiyyət və vicdan, şəxsi maraq və dövlət marağı arasındakı ziddiyyətin təcəssümüdür. Uzun illər dövlətin ideoloji dayaqlarını qurmuş bir şəxs, zaman keçdikcə həmin dayaqların əleyhinə yönələn mövqe tutdu. Bu isə sadəcə siyasi xəttin dəyişməsi deyil, daxili prinsipiallıqla siyasi praqmatizmin toqquşması idi.

Ramiz Mehdiyevi kimlər və niyə söyür?

Yəqin ki, fəlsəfi baxımdan Ramiz Mehdiyev xəyanəti, insanın zamanla üzləşməsinin faciəsi kimi də yozula bilər. Çünki o, mövcud sistemin dəyişməsini qəbul etmədi və nəticədə həmin sistemin xaricində qaldı. Və bu gün hər kəs onu lənətləyir. Bu lənət oxunma trendinə qoşulanların çoxunun buna haqqı da var. Amma elələri də var ki, onların Ramiz Mehdiyev haqqında dnışması, münasibət bildirməsi sadəcə ikrah doğurur. Çünki zamanla həmin fərdlər Ramiz Mehdiyevin müsəlləh əsgəri idi.

Bu yazımızda həmin müsəlləh əsgərlərdən biri haqqında- Prezident Adminstrasiyasının sabiq şöbə müdiri Əli Həsənov haqqında yazacağıq. O Əli Həsənov ki, Ramiz Mehdiyevə cinayət işi açılandan sonra “Ramiz Mehdiyevin mənə nə dəxli, nə aidiyyəti var?"-deyə bağırdı.

Halbuki 7-dən 77-dək hər kəs bilir ki, Ramiz Mehdiyevlə Əli Həsənov bir medalın iki üzüdür. Onları uzun illər təkcə korporativ maraqları yox həm də siyasi baxışları, mənsub olduqları kalonun ideyaları birləşdirirdi. Və bunu sübut edən bir fakt ötən gün gündəmə bomba kimi düşdü.

Belə ki, Ramiz Mehdiyevin anadan olmasının 80 illiyi ilə bağlı hazırlanan sənədli filmdə Əli Həsənov şövqlə, həvəslə və ehtirasla danışır. Deyir ki, Ramiz Mehdiyev 20-ci əsrin ən böyük dövlət və ictimai xadimlərindən biridir. Onu da şövqlə deyir ki, “ ildə mən ondan çox şey öyrənmişəm”.

Bu günki açıqlama ilə 7 il qabaq söylənilən fikirlər Əli Həsənovun siysasi, ictimai və mənəvi portiretinin cizgilərdir. Bunun da tək bir adı var. O da riyakarlıqdır.

Nəzərə alaq ki, riyakarlıq yalanın kostyum geymiş formasıdır. Bəzən elə ustalıqla geyinilir ki, həqiqət özü bundan utanır. Azərbaycan siyasətində bu sənətin “klassik məktəbi” varsa, onun ən parlaq məzunlarından biri şübhəsiz Əli Həsənovdur.

Xatırladaq ki, illərlə “ideologiya” adı altında qurulan teatrın səhnəsində o, həm müəllif, həm rejissor, həm də baş rol ifaçısı idi. Amma pərdələr çəkiləndə, tamaşaçılar gördü ki, səhnədə ideya deyil, riyakar maraq oynanılırmış.

Əli Həsənov riyakarlığının anatomiyası

Bəri başdan deyək ki, Əli Həsənovun riyakarlığı sadəcə şəxsi xüsusiyyət deyil, həm də müəyyən məqamların ruh halıdır. O, səmimiyyəti “dövlətçilik üçün təhlükə”, yalanı isə “sabitlik üçün zərurət” kimi təqdim edirdi.

Necə deyərlkər sanki Aristotelin etikası yox, Makiavellinin “hakimiyyət üçün hər şey mübahdır” fəlsəfəsi onun stolüstü kitabı idi. O, “dövlət maraqları” deyəndə, əslində “öz maraqları”nı, “xalqın mənafeyi” deyəndə isə “ailəsinin rahatlığını” nəzərdə tuturdu.

Təbi ki, bu da etik dissonansın peşəkarlıq səviyyəsinə qaldırılmış formasıdır. Riyakarlıq burada təkcə qorxu və ya intriqa deyil, metodologiyadır. Əli Həsənovun siyasi bioqrafiyasındakı ən ibrətamiz səhnə, şübhəsiz, Ramiz Mehdiyevlə münasibətlərinin “metamorfozasıdır.”

Bir vaxtlar onu “dövlət ideologiyasının memarı”, “strateji ağıl”, “milli ideya müəllimi” adlandıran Əli Həsənov deyir ki, “Ramiz Mehdiyevdən mənə nə?”.

 Artıq bu təkcə mövqe dəyişikliyi deyil, həm də ideoloji andın pozulmasıdır. Yəni “müsəlləh əsgər” komandanına qarşı çevrilir. Üstəlik bunu “dövlət marağı” donunda təqdim edir. Riyakarlıq burda ən açıq, ən çılpaq formada özünü göstərir. Çünki bir zaman “ustad” dediyini inkar eləmək təkcə vicdanla deyil, həm də mənfəətlə bağlı məsələdir.

Bu gün Əli Həsənovun maskası dəyişir. Amma mahiyyət eyni qalır. Ən azından bu özünü müdafiə, həyatda qalma instinktidir.

Sözlə əməl arasındakı uçurum

Əli Həsənovun ritorikasında hər şey var idi: vətən, əxlaq, lider sevgisi, xalq birliyi… Amma bu sözlərin hamısı bu gün məzmundan kəsilmiş formal kabuslara çevrilib. Ramiz Mehdiyevi ağzı köpüklənə-köpüklənə tərifləyəməsi artıq rəhbərə sədaqət və sevgi yox, öz kreslosuna heyranlıq, onu itirmək qorxusudur. Bu isə artıq adi ikiüzlülük deyil, sözün ideoloji devalvasiyasıdır. Sözlər öz mənasını itirir, yalnız sədaqət siqnalı kimi işlənir...

Unutmayaq ki, Əli Həsənov və onun kimi fiqurlar riyakarlığı müdafiə mexanizmi kimi qurulmuşlardır. Onlar üçün yalan bir davranış yox, yaşama formasıdır. Gerçəkdən qorxduqları üçün onu bəzəyib “dövlət marağı” adlandırırlar. Beləliklə, yalan müqəddəs simvol, səmimiyyət isə təhlükə olur.

Kantın dili ilə desək, bu, mənəvi qanunun “tam deqradasiyasıdır”. Yəni insan özünü və cəmiyyətini aldatmaqda israr edir, çünki həqiqət ona ağrılı gəlir. Əli Həsənovun illərlə yaratdığı “ideoloji mətnlər” – tribunalar, müsahibələr, təntənəli bəyanatlar əslində bir söz təmtərağı müharibəsi idi.

Etiraf etməliyik ki, Əli Həsənovun riyakarlığının fəlsəfəsi bir şəxsin mənəvi faciəsi deyil, bütöv bir toplumun portretidir. Ramiz Mehdiyev barədə dedikləri Əli Həsənov riyakarlığının bu portretin ən qara zolağıdır. Çünki orada həm qorxu, həm maraq, həm də saxta əqidə eyni anda üzə çıxır.

Bu fəlsəfənin sonu isə qaçılmazdır: maskalar nə qədər dəyişsə də, səhnə bir gün dağılır. Və o zaman yalanın memarları gerçəyin xarabalığında susmağa məhkum qalır. Riyakarlığın da ən böyük ironiyası da bax budur. O, səni qoruyurmuş kimi görünür, amma sonda səni sənə qarşı silaha çevirir.

News365.az

Chosen
24
29
news365.az

10Sources