“Devalvasiya olacaq?” – həftədə bir neçə dəfə mənə verilən sual. Əslində, devalvasiya da, revalvasiya da bizdə az qala hər gün olur. Manat faktiki dollara bağlanıldığı üçün “sabit məzənnə” dedikdə sırf dollara olan məzənnə ehtiva olunur. Halbuki, dollar özü dünyada ucuzlaşanda manat da digər valyutalara münasibətdə devalvasiyaya məruz qalır və əksinə.
Məsələn, daxil olun Mərkəzi Bankın saytına və son iki günün məzənnələr dinamikasına baxın (şəkildə göstərmişəm). Dünən manat əksər valyutalara münasibətdə bahalaşmışdı (çünki dollar həmin valyutalara nisbətdə bahalaşmışdı): sol şəkildəki qırmızı işarələrə baxın. Bu gün isə manat əksər valyutalara münasibətdə devalvasiyaya məruz qalıb (çünki dollar həmin valyutalara nisbətdə ucuzlaşdı): sağ şəkildəki yaşıl işarələrə baxın. Məsələn, dünən 1 Avro 2,0185 manat idisə, bu gün artıq 2,0401 manat olub. Bu elə əsl devalvasiyadıdır da: Avropa malları bizim üçün bahalaşdı.
Və bu tendensiya get-gedə güclənəcək. Dolların hegemonluğu sona yetir. ABŞ-da Trampı elə belə hakimiyyətə gətirməyiblər ki. Aləmi qarışdıraraq dünyada ən çox borcu olan ABŞ-ın iqtisadi çöküşünün qarşısını almaq istəyir. Amma dünyada yeni modelə keçid qaçılmazdır. Odur ki, pullarınızdan muğayat olun...
Əkrəm Həsənov, iqtisadçı