EN

Riskləri necə öz xeyrinə çevirdi? Güc oyununda Bakı

ain.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Gücün hüququ dövründə Azərbaycanın çevik diplomatiyası və yüksələn beynəlxalq rolu

Müasir beynəlxalq münasibətlər sistemində artıq beynəlxalq hüququn deyil, gücün hüququnun dominantlıq etdiyi reallıq açıq şəkildə müşahidə olunur. Qlobal miqyasda geosiyasi qarşıdurmaların, silahlı münaqişələrin, siyasi böhranların və iqtisadi sarsıntıların artması bir çox dövlətlərin təhlükəsizliyini və dayanıqlığını ciddi sual altına qoyub. Belə mürəkkəb və dəyişkən şəraitdə hər bir ölkənin öz milli maraqlarını və təhlükəsizliyini qoruyub saxlaması mümkün olmur.

Məhz bu kontekstdə Azərbaycanın mövqeyi xüsusi diqqət çəkir. Qlobal və regional böhranların fonunda Azərbaycan təkcə daxili sabitliyini qoruyub saxlamaqla kifayətlənmir, eyni zamanda bu prosesləri öz milli maraqları istiqamətində yönəldə bilən nadir aktorlardan biri kimi çıxış edir. Azərbaycan beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmləndirir, regional və qlobal səviyyədə sülhün, təhlükəsizliyin və əməkdaşlığın təşviqinə real töhfələr verir.

Bu uğurların əsas səbəbi Prezident İlham Əliyevin çevik, praqmatik və uzaqgörən xarici siyasət kursudur. Dövlət başçısı qlobal və regional çağırışlara vaxtında və adekvat reaksiya verməklə, riskləri fürsətə çevirən siyasət həyata keçirir. Nəticədə geosiyasi proseslər Azərbaycanın əleyhinə deyil, əksinə onun xeyrinə transformasiya olunur.

Azərbaycanın uğurlu çoxvektorlu və balanslı xarici siyasəti ölkəni potensial təhlükələrdən sığortalamaqla yanaşı, ona manevr imkanları qazandırır. Bu siyasət xətti Bakı üçün həm Qərblə, həm Şərqlə, həm də Qlobal Şimalla Qlobal Cənub arasında etibarlı tərəfdaş və vasitəçi rolunu formalaşdırıb. Bu gün Azərbaycan Avrasiyanın mühüm bağlantı və logistika mərkəzinə çevrilməkdədir və regional proseslərdə “orta güc” və “yumşaq güc” elementlərini effektiv şəkildə tətbiq edir.

Məhz buna görə də bir çox dövlətlər və beynəlxalq aktorlar Azərbaycanla sıx əməkdaşlığa üstünlük verir, onun diplomatik təcrübəsindən faydalanmağa çalışırlar. Azərbaycanın xarici siyasət prioritetlərində beynəlxalq və regional təşkilatlarla fəal əməkdaşlıq xüsusi yer tutur. Bu istiqamətdə parlament diplomatiyası mühüm alət kimi istifadə olunur.

Milli Məclisin sədri Sahibə Qafarovanın Asiya Parlament Assambleyasının 16-cı plenar sessiyasında, eləcə də Aralıq Dənizi Parlament Assambleyasının Qadın Parlament Forumunda iştirakı və çıxışları bu siyasətin praktiki təzahürüdür. Azərbaycanın APA-ya sədrliyi dövründə təşkilatın institusional inkişafı, üzvlük və müşahidəçi statuslarının genişlənməsi, yeni mexanizmlərin yaradılması ölkəmizin parlament diplomatiyasına verdiyi strateji əhəmiyyəti göstərir.

Eyni zamanda, Azərbaycanın mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviqində oynadığı rol qlobal miqyasda etimad qazandıran əsas faktorlardandır. “Bakı Prosesi”, Qlobal Bakı Forumu, BMT Sivilizasiyalar Alyansı Forumu kimi təşəbbüslər Azərbaycanı dialoq və konsensus məkanı kimi möhkəmləndirib.

Azərbaycanın çoxvektorlu siyasətində ərəb və Körfəz ölkələri ilə münasibətlərin inkişafı xüsusi yer tutur. Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Omanla siyasi, iqtisadi, enerji və parlamentlərarası əlaqələrin intensivləşməsi bunun bariz nümunəsidir. Xüsusilə BƏƏ-nin Azərbaycanın bərpa olunan və yaşıl enerji sektorunda əsas investorlarından birinə çevrilməsi strateji əməkdaşlığın dərinliyini göstərir.

Azərbaycan qlobal iqlim gündəliyində də fəal aktor kimi çıxış edərək, Qlobal Şimalla Qlobal Cənub arasında körpü rolunu oynayır. Orta Dəhlizin “yaşıl dəhliz”ə çevrilməsi təşəbbüsü və Körfəz ölkələri ilə bu istiqamətdə əməkdaşlıq Azərbaycanın gələcək strateji hədəflərini aydın şəkildə ortaya qoyur.

Milli Məclisin sədri Sahibə Qafarovanın Körfəz ölkələrinə səfərləri, keçirilən yüksək səviyyəli görüşlər və imzalanan sənədlər parlament diplomatiyasının regional və beynəlxalq ölçüdə gücləndirilməsinə xidmət edir. Bu səfərlər APA, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Aralıq Dənizi Parlament Assambleyası arasında əməkdaşlığın dərinləşməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Nəticə etibarilə, güc balanslarının dəyişdiyi, beynəlxalq sistemin qeyri-sabit olduğu bir dövrdə Azərbaycan çevik diplomatiyası, balanslı siyasəti və artan institusional rolu ilə regional dövlət statusundan çıxaraq, beynəlxalq aləmdə ciddi və etibarlı aktor kimi mövqeyini daha da möhkəmləndirir. Bu isə Azərbaycanın qarşısında duran strateji hədəflərə nail olunması üçün möhkəm zəmin yaradır.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
96
32
olke.az

10Sources