Jurnalist Təşkilatlarının Koordinasiya Mərkəzinin ilk iclası keçirilib
Azərbaycan Mətbuat Şurasının nəznində yaradılmış Jurnalist Təşkilatlarının Koordinasiya Mərkəzinin ilk iclası keçirilib. Qeyd edək ki, Şurasının İdarə Heyətinin 18 dekabr 2025-ci il tarixli iclasında formalaşdırılmış mərkəzə rəhbərlik “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyevə həvalə olunub.
aia.az xəbər verir ki, toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid Jurnalist Təşkilatlarının Koordinasiya Mərkəzinin məqsəd və məramları barədə söz açıb. O bildirib ki, beynəlxalq miqyasda söz və ifadə azadlığı ilə bağlı qlobal trendlərə qoşulmaq, media sahəsindəki ayrı-ayrı beynəlxalq konfranslarda daha institsional şəkildə iştiraka ehtiyac var və mərkəz bu zərurətdən yaradılıb.
Fikrini genişləndirən MŞ sədri, həmçinin, əlavə edib ki, hazırda dünyada söz və ifadə azadlığı ilə əlaqəli məsələlər ölkələrin beynəlxalq nüfuzu baxımından qiymətləndirilir. Belə durumlarda jurnalist təşkilatlarının fəallıq göstərmələri mütləqdir. Onların işlərinin sistemləşdirilməsi isə günün tələbidir.
Jurnalist Təşkilatlarının Koordinasiya Mərkəzinin rəhbəri A.Mirzəyev çıxışında qurumun əsas hədəflərindən söz açıb. O bildirib ki, mərkəz sahə üzrə aktivliyin artırılması, əməkdaşlıq imkanlarının genişləndirilməsi və mövcud resursların daha əlçatan olması üçün zəruri addımlar atmağı planlaşdırır. A.Mirzəyev mövcus sahədəki iş planının ayrı-ayrı detallarını da açıqlayıb.
Jurnalist təşkilatları təmsilçilərinin təkliflərinin və təşəbbüslərinin birgə müzakirəsi ilə davam edən iclasda MŞ İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqı və “Mediada İnnovativ Təşəbbüslərə Dəstək” İB-nin sədri Müşfiq Ələsgərli, CASCFEN (Orta Asiya-Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi) sədri Nadir İsmayılov, Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası İB-nin sədri Qafar Çaxmaqlı, “Baku Network” Ekspert Platformasının direktoru Elçin Ağacanov, “Ruh” Jurnalistlərin müdafiəsi İB-nin sədri Əvəz Rüstəmov, “Regional Medianın İnkişafına yardım” İB-nin təmsilçisi Vəli Turan və digər şəxslər iştirak ediblər.
İclasda o da bildirilib ki, mərkəz digər jurnalist təşkilatlarının quruma qoşulmaları, habelə səmərəli təkliflər vermələri üçün də açıqdır və qurum bütün əlaqədar maraqlı tərəfləri əməkdaşlığa və səyləri birləşdirməyə dəvət edir.