EN

WSJ: Kuba əsas neft təchizatçılarından birini itirir...

Meksikanın Kubaya neft ixracı minimuma enib, Tramp isə tədarükü dayandırmaq üçün təzyiqi artırır...

Poliqon xəbər verir ki, The Wall Street Journal nəşrinin məlumatına görə, Meksikanın Kubaya neft ixracı minimum səviyyəyə düşüb. Bildirilir ki, ABŞ Prezidenti Donald Tramp Meksika Prezidenti Klaudiya Şeynbaumun solçu hökumətinə təzyiqləri artıraraq, Karib adasındakı kommunist rejiminə dəstəyin dayandırılmasını tələb edir.

Məlumata görə, Tramp cümə axşamı ölkədə fövqəladə vəziyyət elan edən sərəncam imzalayıb. Prezidentin sözlərinə görə, bu qərar ona Kubaya neft ixrac edən istənilən ölkəyə qarşı yeni rüsumlar tətbiq etmək imkanı verir. Qeyd olunur ki, Meksika uzun illərdir Kubaya neft tədarük edən azsaylı ölkələrdən biri olub və bu addım Havana ilə tarixi həmrəyliyin göstəricisi kimi qiymətləndirilirdi.

WSJ yazır ki, Trampın sərəncamından əvvəl Meksika ABŞ ilə qapalı danışıqlardan sonra Kubaya neft tədarükünü müvəqqəti dayandırıb. Havanaya digər əsas enerji dəstəkçisi sayılan Venesuela isə Nikolás Maduronun hakimiyyəti “ələ keçirməsindən” sonra Kubaya xam neft göndərilməsini dayandırıb.

Nəşrin vurğuladığına görə, Kuba dünya bazarlarından həyati əhəmiyyət daşıyan yanacağı almaq üçün kifayət qədər maliyyə imkanına malik deyil. Meksika və Venesueladan neft axınının dayanması adanın elektrik stansiyalarını, kənd təsərrüfatı texnikasını və nəqliyyat sistemini yanacaqla təmin etməkdə ciddi risk yaradır. WSJ bildirir ki, Kuba sürətlə iqtisadi çöküşə doğru gedir.

Məlumata əsasən, elektrik enerjisinin verilməsində fasilələr artıq gündəlik problemə çevrilib və əhalinin böyük hissəsi gün ərzində yalnız bir neçə saat elektrikdən istifadə edə bilir. Texas Universitetinin kubalı energetika üzrə eksperti Xorxe Pinyonun sözlərinə görə, “növbəti dörd-səkkiz həftə ərzində enerji sisteminin tam dayanması baş verə bilər”.

Araşdırma məlumatları göstərir ki, son aylarda Meksikadan Kubaya neft tədarükü kəskin şəkildə azalıb və yanvar ayında minimum həddə düşüb. Bu azalma Trampın Meksika narkokartellərinə qarşı zərbələr endirmək barədə açıq təhdidlərindən sonra daha da sürətlənib və Meksikanın yüksək vəzifəli rəsmiləri arasında narahatlıq yaradıb.

Ekspertin məlumatına görə, Meksikadan Kubaya son neft partiyası “Ocean Mariner” tankeri ilə 85 min barel həcmində olub və 9 yanvar tarixində adada boşaldılıb. Həmin vaxtdan sonra Meksikadan Kubaya yeni tanker göndərilməyib.

WSJ qeyd edir ki, Venesueladan tədarükün demək olar dayanması, Meksikadan isə azalması fonunda Trampın sərəncamının praktiki təsirinin nə qədər olacağı hələ də aydın deyil. Son illərdə Rusiya və Əlcəzair də Kubaya neft ixrac etsə də, bu tədarüklər mütəmadi xarakter daşımayıb. Eyni zamanda, Kubanın mövcud neft ehtiyatlarının həcmi açıq mənbələrdə demək olar ki, işıqlandırılmır.

Poliqon.info

Chosen
71
16
poliqon.info

10Sources