Azərbaycanda pensiya sistemi son illər cəmiyyətin ən çox müzakirə olunan sosial mexanizmlərindən birinə çevrilib. Demoqrafik dəyişikliklər, əhalinin orta ömür uzunluğunun artması, qeyri-formal məşğulluğun yüksək səviyyədə qalması və sosial sığorta daxilolmalarının azalması mövcud pensiya modelinin gələcək perspektivlərini sual altına qoyur. Bəs, 10 ildən sonra pensiya sistemində hansı dəyişikliklər ola bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, mövcud pensiya sistemi kifayət qədər təkmilləşdirilməlidir:
“Bu istiqamətdə bir sıra ciddi çağırışlar mövcuddur. Pensiya sistemində etibarlılığın artırılması, varislik hüququnun təsbit olunması, pensiya yaşının orta ömür göstəricilərinə uyğunlaşdırılması, pensiya kapitalının hesablanma metodologiyasının təkmilləşdirilməsi hazırda ictimaiyyət tərəfindən müzakirə olunan əsas məsələlərdəndir”.
İqtisadçının sözlərinə görə, hökumət sosial siyasəti inkişaf etdirmək, pensiya sisteminin reputasiyasını artırmaq və əmək bazarının leqallaşmasını təşviq etmək istəyirsə, bu çağırışlara adekvat reaksiya verməlidir:
“Lakin təəssüf ki, bu istiqamətdə gözləntilər hazırda aşağı səviyyədədir. Əhali artım tempinin azalması, orta ömür uzunluğunun artması və qeyri-formal məşğulluğun yüksək səviyyədə qalması bir pensiyaçıya düşən çalışan və sosial sığorta ödəyicilərinin sayının azalmasına səbəb olur. Bu isə pensiya sisteminə ciddi təzyiq yaradır”.
Onun fikrincə, bu şərtlər daxilində hökumət gəlirlərin artırılmasından daha çox xərclərin azaldılması və optimallaşdırılması istiqamətində addımlar atacaq:
“Növbəti 10 ildə pensiya şərtlərinin daha da sərtləşdirilməsi meyillərini görə bilərik. O cümlədən pensiya yaşının artırılması ilə bağlı təşəbbüslərin ortaya çıxması mümkündür”.
İqtisadçı həmçinin süni intellektin iqtisadiyyata sürətli inteqrasiyasının əmək bazarına ciddi təsir göstərəcəyini vurğulayıb:
“Gələcək dövrlərdə süni intellektin yaratdığı təzyiqlər işsizliyin artmasına səbəb olur. Bu isə insanların pensiya hüququ əldə etmə imkanlarını məhdudlaşdıracaq və ahıllıq dövründə sosial təminat sisteminin zəifləməsinə gətirib çıxara bilər. Bu baxımdan dövlət gəlirlərin yenidən bölüşdürülməsi mexanizmləri üzərində düşünməyə məcbur olacaq”.
Rəşad Həsənovun sözlərinə görə, yaxın 10 ildə pensiya sisteminin yenidən dizayn edilməsi də mümkündür:
“Hazırda Azərbaycanda minimum pensiya 320 manat olduğu halda, bəzi şəxslərin pensiyası 10 min manatdan yuxarıdır. Pensiya məbləğləri arasında kəskin fərq mövcuddur. Ola bilsin ki, gələcəkdə pensiya kapitalından asılı olmayaraq yuxarı hədd tətbiq edilsin. Eyni zamanda güzəştli şərtlərlə pensiya alan sosial qruplara münasibətdə də məhdudlaşdırıcı qərarlar qəbul edilə bilər”.
İqtisadçı hesab edir ki, bu addımlar bir tərəfdən xərclərin artımının qarşısını almağa, digər yandan isə pensiya məbləğləri arasındakı fərqləri nisbətən azaltmağa xidmət edəcək.
Aynurə İsmayıl
KONKRET.az
