Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Qan Bankı” publik hüquqi şəxsi tərəfindən Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyətinin sədri Fuad Rəsulova rəsmi təşəkkür məktubu ünvanlanıb. Məktub onun 100-cü dəfə könüllü və təmənnasız qan donorluğu etməsi münasibətilə təqdim olunub.
Məktubda vurğulanır ki, Fuad Rəsulovun uzun illər ərzində göstərdiyi fədakar fəaliyyət təkcə statistik göstərici deyil, minlərlə insanın həyatına ümid və yaşamaq sevincini bəxş edən yüksək insanlıq nümunəsidir. Onun rəhbərlik etdiyi Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi tərəfindən təşkil olunan könüllü qanvermə aksiyaları cəmiyyətdə humanizm, həmrəylik və vətəndaş məsuliyyəti prinsiplərinin gücləndirilməsinə mühüm töhfə verir.
Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev təşəkkür məktubunda Fuad Rəsulova göstərdiyi yüksək insani mövqeyə görə dərin minnətdarlığını ifadə edərək, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayıb. Məktubda, həmçinin qeyd olunub ki, bu cür insanlar cəmiyyət üçün əsl dəyər, gələcək nəsillər üçün isə nümunədir.
Bu təşəkkür məktubu ölkədə könüllü qanvermə hərəkatının təşviqi, eləcə də fədakar donorların fəaliyyətinin yüksək qiymətləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Fuad Rəsulov 100-cü dəfə donor olaraq, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən bu sahəyə göstərilən xüsusi diqqət və qayğıya görə minnətdarlıq hissini ifadə edib.