EN

Bank xəbəriniz olmadan maşınınızı sata bilər?

ain.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Hüquq sistemi ilk baxışdan çox mürəkkəb və anlaşılmaz görünsə də, əslində gündəlik həyatımızın hər anında bizimlədir. Təcrübəli hüquqşünasla apardığımız bu söhbətdə hamımızın qarşılaşa biləcəyi problemlərin ən sadə və qanuni həll yollarını araşdırmışıq. Ekspert həm öz hüquqlarımızı necə qorumalı olduğumuzu izah edib, həm də çoxlarının səhv bildiyi məqamlara aydınlıq gətirib.

KONKRET.az demokrat.az-ın tanınmış vəkil, hüquqşünas Misirə Xəlilzadə ilə müsahibəsini təqdim edir:

Vətəndaşların banklara olan borcları fonunda ən çox qorxduqları məqam girov qoyulan əmlakın itirilməsi riskidir. Hüquqşünasla apardığımız söhbət zamanı bankın borca görə evi və ya maşını dərhal müsadirə etmək səlahiyyətinin olmadığı məlum olub. Ekspert bildirib ki, belə bir addım yalnız məhkəmənin yekun qərarı və icra məmurlarının iştirakı ilə, qanunla müəyyən edilmiş uzunmüddətli prosedurlar çərçivəsində mümkündür.

– Borca görə ev və ya maşın bank tərəfindən dərhal alına bilərmi?

– Dərhal xeyr, alına bilməz. Belə tədbirlər yalnız məhkəmə qərarı əsasında və qanunvericiliyə, eləcə də icra qurumunun prosedurlarına uyğun olaraq həyata keçirilə bilər.

– Yeganə yaşayış evi müsadirə oluna bilərmi?

– Əgər vətəndaşın mənzili bankın xeyrinə ipoteka müqaviləsi əsasında girov qoyulubsa, borc öhdəliyinin yerinə yetirilməməsi halında icra prosedurları çərçivəsində yalnız qanunla müəyyən edilmiş qaydada və məhkəmə qərarı əsasında həmin ipoteka ilə yüklü yaşayış evinə yönəldilmiş tədbirlər həyata keçirilə bilər.

– Girov qoyulmuş əmlak hansı mərhələdə satışa çıxarıla bilər?

– Borcun ödənilməməsi halında, kreditor borcun girov təminatına yönəldilməsi üçün müvafiq məhkəməyə müraciət edir. Girov qoyulmuş əmlak yalnız məhkəmənin qərarından sonra və icra prosedurları çərçivəsində satışa çıxarılır.

– Girovun dəyəri borcdan artıqdırsa, artıq məbləğ kimə qalır?

– Satışdan əldə olunan məbləğ əvvəlcə borcun ödənməsinə, qalan hissəsi isə girov sahibinə qaytarılır.

– Bank borcalanın xəbəri olmadan girovu sata bilərmi?

– Xeyr, bank borcalanın xəbəri olmadan girov qoyulmuş əmlakı sata bilməz. Girovun satışı yalnız qanunla müəyyən edilmiş prosedura uyğun, müvafiq məhkəmə qərarı əsasında mümkündür.

– Borcalan məhkəmədə özünü necə qoruya bilər?

– Borcalan borcun mövcud olmadığını, artıq ödənildiyini və ya faizlərin qanunsuz hesablandığını sübut edən sənəd, müqavilə və digər dəlilləri məhkəməyə təqdim etmək hüququna malikdir. Borc məbləği ilə razılaşmadığı hallarda, borclu ekspertiza təyin edilməsi və digər qanuni vəsatətlərin təmin olunması üçün məhkəməyə müraciət edə bilər.

Yəni, bankın sizi evdən çıxarmaqla və ya maşınınızı əlinizdən almaqla hədələməsi qanuni deyil. Sizin məhkəmədə vaxt qazanmaq, borca etiraz etmək və əmlakınızı qorumaq üçün kifayət qədər hüquqi mexanizmləriniz var. Heç bir əmlak məhkəmə qərarı olmadan və sizin xəbəriniz yoxkən satıla bilməz.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
21
10
konkret.az

10Sources