Külli miqdarda rüşvət alma, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər cinayətlərdə təqsirləndirilən Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin inspektorları Vüsal Hüseynov, Kərim Kərimov, İsmayıl Məmmədalıyev və həmin idarəyə təhkim olunmuş "Azərterminalkompleks" Birliyinin instruktor-kinoloqu Asif Hacımuradovun Azərbaycan vətəndaşı Etibar Hatəmli və İran vətəndaşı Rezayan Jafar Rafıenin məhkəməsi başlayıb.
Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müvəkkilləri barədə olan həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün vəsatət veriblər, lakin vəsatətlər təmin edilməyib.
Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub. Proses fevralın 13-nə təyin edilib.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin vəzifəli şəxsləri və qaçaqmalçılıq cinayətini törətmiş digər şəxslərin qanunsuz əməlləri ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olan məlumatla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.