Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi yeni metodologiya əsasında müəyyən edilib.
"Cebheinfo.az" bu barədə Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) istinadən xəbər verir.
Məlumata görə, "Əmanətlərin sığortalanması haqqında" Qanunun 8.1.20-ci maddəsi ilə nəzərdə tutulan prosesin səmərəliliyinin artırılması məqsədilə, Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırılmaqla ƏSF tərəfindən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsinə dair Metodologiya təsdiq edilib.
Metodologiyanın məqsədi, qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin bazarda formalaşan depozit faizləri üzrə real dinamika ilə uzlaşdırılmasını, eləcə də bu həddin şəffaf və ölçülə bilən meyarlar əsasında müəyyən olunmasını təmin etməkdən ibarətdir.
Metodologiyaya müvafiq olaraq aparılmış hesablamalara əsasən, 2025-ci ilin son altı ayı ərzində banklar tərəfindən fiziki şəxslərdən milli valyutada cəlb olunmuş uzunmüddətli əmanətlər (müddəti 9 aydan çox olan əmanətlər) üzrə orta bazar faiz dərəcəsi azalma dinamikası nümayiş etdirməklə 10 % təşkil edib.
Fondun Himayəçilik Şurasının 28 yanvar 2026-cı il tarixli iclasında, sözügedən metodologiyadan irəli gələrək üzərinə 2 faiz bəndi əlavə edilməklə, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin dəyişdirilməyərək 12 % səviyyəsində saxlanılmasına dair qərar qəbul edilib.
Qeyd edək ki, adı çəkilən metodologiya əsasında qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinə dair növbəti qərarların ildə iki dəfə olmaqla qəbul edilməsi, həmin qərarların Fondun rəsmi internet səhifəsində açıqlanması və bank əmanətçilərinin müvafiq qaydada məlumatlandırılması təmin ediləcək. Məlumat üçün bildirilir ki, məsələ ilə bağlı növbəti qərarın 2026-cı ilin iyul ayında qəbul edilməsi nəzərdə tutulub.
Sığortalanmış əmanət, o cümlədən ƏSF-yə üzv olan banklarda milli və xarici valyutada olan qorunan əmanətlər üzrə hazırda qüvvədə olan illik faiz dərəcəsinin yuxarı hədləri barədə məlumat növbəti keçid vasitəsilə əldə oluna bilər: https://adif.gov.az/az/insured-deposit.
"Cebheinfo.az"