EN

® Bakıda Milli Biznesin İnkişafı Forumu keçirilib

29 yanvar 2026-cı il tarixində “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) birgə təşkilatçılığı ilə Milli Biznesin İnkişafı Forumu baş tutub. Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Forum dövlət qurumları ilə biznes ictimaiyyəti arasında açıq dialoqun təşviqi, sahibkarlıq mühitinin inkişafına dair aktual çağırışların müzakirəsi, eləcə də qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədi daşıyıb.

Forumda Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Məmmədov, Dövlət Vergi Xidmətinin rəisinin müavini Samirə Musayeva, Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Osman Xaliyev, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) İcraçı direktorunun müavini Tural Hacılı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov, eləcə də İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Aqil Əzizov fəxri qonaq qismində iştirak ediblər.

Milli Biznesin İnkişafı Forumu çərçivəsində fəxri qonaqlara “Caspian Energy Club”ın fəxri üzvlük sertifikatları təqdim olunub.

Tədbirin əsas hissəsində dövlət qurumlarının nümayəndələri ilə sahibkarlar arasında geniş müzakirələr aparılıb, sahibkarları maraqlandıran aktual məsələlər üzrə interaktiv sual-cavab sessiyası keçirilib. Sessiya zamanı aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən dövlət dəstəyi mexanizmlərinin tətbiqi, eyni zamanda, sahibkarları maraqlandıran praktik məsələlər, normativ-hüquqi tənzimləmə, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, biznes subyektləri üçün tətbiq olunan güzəşt və dəstək mexanizmləri, prosedurların sadələşdirilməsi istiqamətində aparılan islahatlar, eləcə də müraciət və şikayət mexanizmləri barədə açıqlamalar səsləndirilib.

Daha sonra Milli Biznesin İnkişafı Forumu qeyri-rəsmi networking formatında davam etdirilib. Bu mərhələ iştirakçılar arasında açıq və səmimi ünsiyyət mühitinin formalaşmasına, fikir mübadiləsinin aparılmasına, potensial əməkdaşlıq imkanlarının müzakirəsinə, yeni işgüzar əlaqələrin qurulmasına və mövcud tərəfdaşlıqların möhkəmləndirilməsinə əlverişli şərait yaradıb.

“Caspian Energy Holding” haqqında qısa məlumat:

İnvestisiya-konsaltinq holdinqi formatında fəaliyyət göstərən “Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində birləşdirmək məqsədilə təsis edilib. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara “networking” qurmaq imkanı yaradılacaq.

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”, “Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.

“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılıb. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.

Chosen
22
azertag.az

1Sources