ABŞ prezidentinin administrasiyası FES rəhbərliyinə yeni namizədin yaxın günlərdə elan olunmasına hazırlaşır...
Poliqon xəbər verir ki, Bloomberg Agentliyi mənbələrə istinadən ABŞ prezidenti Donald Trampın Kevin Uorşu Federal Ehtiyat Sisteminin (FES) sədri vəzifəsinə namizəd göstərməyi planlaşdırdığını yazır. Məlumata görə, dövlət başçısı öz namizədinin adını yanvarın 30-da açıqlayacağını bildirib.
Tramp qeyd edib ki, “bir çoxları bu şəxsin artıq bir neçə il əvvəl bu postu tuta biləcəyini düşünür”. Prezident konkret ad çəkməsə də, seçimin “çox da gözlənilməz olmayacağını” və namizədin maliyyə dünyasında “hamıya yaxşı tanış bir fiqur” olduğunu vurğulayıb. Bloomberg-in mənbələrinin bildirdiyinə görə, yekun qərar hələ qəbul edilməyib, lakin əsas favorit məhz Kevin Uorş hesab olunur. Bildirilir ki, o, bir gün əvvəl Ağ Evi ziyarət edib.
Kevin Uorş 2006–2011-ci illərdə FES-in idarəçilər şurasının üzvü olub və sədrlik postu üçün nəzərdən keçirilən dörd əsas namizəddən biridir. Qısa siyahıda həmçinin Milli İqtisadi Şuranın direktoru Kevin Hasset, FES-in idarəçilər şurasının üzvü Kristofer Uoller və BlackRock şirkətinin top-meneceri Rik Rider də yer alıb.
Əgər Uorşun namizədliyi rəsmi şəkildə irəli sürülər və Senat tərəfindən təsdiqlənərsə, 55 yaşlı iqtisadçı may ayında səlahiyyət müddəti başa çatan hazırkı sədr Cerom Pauelli əvəz edəcək. Xatırladaq ki, FES yanvarın 28-də əsas faiz dərəcəsini illik 3,5–3,75 faiz səviyyəsində saxlayıb. Bu qərar Trampın Cerom Pauellə ünvanladığı tənqidlərin yenidən artmasına səbəb olub.
Poliqon.info