EN

Qarabağ Universitetində 2025/2026-cı tədris ilinin payız semestri: strateji fəaliyyətlər və nəticələr

Azərbaycanda "Konstitusiya və Suverenlik İli" olaraq elan edilmiş və tarixi Zəfərin beşilliyinin qeyd olunduğu 2025-ci il milli ali təhsil sisteminin də dinamik inkişafı ilə yadda qalmışdır. Ali təhsil sahəsində dövlət dəstəyinin gücləndirilməsi, əlçatanlığın və keyfiyyətin yüksəldilməsi, nüfuzlu qlobal akademik reytinqlərdə təmsilçiliyin artması, xaricdə təhsil və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi meyilləri ölkədə beynəlxalq standartlara uyğun və daha əlverişli ali təhsil mühitinin formalaşdırılmasında davamlı inkişafa nail olunmasına hədəflənmişdir.

Milli ali təhsildə müsbət trendlər və güclü dövlət dəstəyi

Milli ali təhsil sistemində baş verən müsbət trendlər, xüsusilə də dövlətimizin ali təhsilin inkişafına yönəlmiş məqsədyönlü siyasəti, və birbaşa dəstəyi artıq ikinci tədris ilində fəaliyyətini davam etdirən Qarabağ Universitetində payız semestrinin də uğurla yekunlaşmasında həlledici rol oynamışdır. Məhz güclü dövlət dəstəyi fonunda səmərəli tərəfdaşlıq əlaqələrinin ardıcıl şəkildə inkişaf etdirilməsi, universitetin professor-müəllim və inzibati-texniki heyətinin fədakar əməyi, eləcə də tələbələrimizin bilik və bacarıqlara yiyələnmək istiqamətində nümayiş etdirdikləri əzmkarlıq və məsuliyyət əldə olunan uğurun əsas təminatçıları olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Xankəndi şəhərində yaradılmış Qarabağ Universiteti cari tədris ilinin payız semestri dövründə institusional inkişaf, tədrisin keyfiyyətinin yüksəldilməsi, tədqiqatyönümlü və tələbə mərkəzli müasir ali təhsil modelinin formalaşdırılması istiqamətində mühüm nəticələr əldə etmişdir.

Ən mühüm və əlamətdar hadisələr dövlət başçımızın iştirakı ilə Xankəndi şəhərində Qarabağ Universitetinin Klinika binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun, Biznes və iqtisadiyyat fakültəsinin yeni binasının açılışı və Mühəndislik fakültəsinin binasının təməlinin qoyulması olmuşdur. Müasir universitet konsepsiyasına uyğun dizayn edilərək inşa olunmuş və istifadəyə verilmiş yeni tədris və klinik infrastrukturlar təhsilin praktikyönümlü təşkili, beynəlxalq standartlara uyğun kadr hazırlığı, elmi-tədqiqat imkanlarının genişləndirilməsi və regionun sosial-iqtisadi inkişafına töhfə verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bunlar Qarabağ Universitetinin qısa müddətdə çoxşaxəli və ardıcıl inkişaf trayektoriyasına daxil olduğunu təsdiqləyir.

Genişlənməkdə olan Qarabağ Universiteti ailəsi

Sevindirici haldır ki, cari tədris ilində tələbə qəbulu planının kəmiyyətcə və keyfiyyətcə uğurla yerinə yetirilməsi, yeni ixtisasların yaradılması və bunlara müvafiq surətdə yeni akademik, inzibati və texniki heyət üzvlərinin işə qəbulu hesabına Qarabağ Universiteti ailəsi böyüməkdə davam edir. 2025/2026-cı tədris ili üzrə Qarabağ Universitetinə ümumilikdə 1053 tələbə qəbul olunmuş, onlardan 1024 nəfəri qeydiyyatdan keçmişdir. Əvvəlki illərin tələbələri nəzərə alınmaqla universitet üzrə ümumi tələbə sayı 2152 nəfərə çatmışdır. 

Tələbə qəbulunun keyfiyyət göstəriciləri universitetə artan marağı, eləcə də təhsil mühitinə olan yüksək etimadı aydın şəkildə nümayiş etdirir. Qəbul olunan abituriyentlər arasında 127 nəfər 600-dən yuxarı, 332 nəfər 500-dən yuxarı, 613 nəfər isə 400-dən yuxarı bal toplamışdır. Qəbul üzrə qeydə alınan ən yüksək nəticə 684 bal olmuşdur ki, bu da universitetə yüksək akademik potensiala malik gənclərin cəlb edildiyini göstərir. Bununla yanaşı, respublika və beynəlxalq fənn olimpiadalarının qalibi olan 5 abituriyentin müsabiqədənkənar universitetə qəbul olunması Qarabağ Universitetinin istedadlı və perspektivli gənclər üçün cəlbedici təhsil məkanı olduğunu təsdiqləyir. Bu göstəricilər yeni dövrün tələblərinə cavab verən müasir universitet modelinin qurulması, güclü intellektual mühitin formalaşdırılması, elmi və innovativ potensialı yüksək olan tələbə kontingentinin yetişdirilməsi, eləcə də əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və keyfiyyətli məzunların hazırlanması baxımından mühüm əhəmiyyət kəsb edir.

Qəbul olunan tələbələrin 58 faizini qızlar, 42 faizini isə oğlanlar təşkil etmişdir ki, bu da ali təhsildə gender balansının təmin olunması və qızların ali təhsilə əlçatanlığının yüksəlməsi baxımından müsbət tendensiyadır. Coğrafi baxımdan tələbə qəbulunun ölkənin 66 şəhər və rayonunu əhatə etməsi Qarabağ Universitetinin artıq regional deyil, respublika miqyasında ali təhsil mərkəzinə çevrilməsi yolunda vacib göstəricilərdən hesab oluna bilər. Bu həmçinin Xankəndinin ölkənin bütün regionlarını təmsil edən bilikli və istedadlı gənclərin hesabına tələbə şəhəri olaraq formalaşması prioritetinə uyğundur. 

Milli inkişaf prioritetləri, əmək bazarının tələbləri və Qarabağ regionunun inkişaf ehtiyacları nəzərə alınmaqla cari tədris ilində 9 yeni ixtisas (Tibb, Tibb bacısı (qardaşı) işi, Data analitika, Riyaziyyat, Dekorativ tətbiqi sənət, Musiqişünaslıq, Coğrafiya müəllimliyi, Kimya müəllimliyi və Biologiya müəllimliyi) əlavə edilərək universitetin kadr hazırlığı profili genişləndirilmişdir. Bununla da universitet üzrə ixtisasların sayı 25-dən 34-ə çatdırılmışdır. 

Hazırda Qarabağ Universitetində 7 fakültə (Pedaqoji, İncəsənət, Mühəndislik, Biznes və iqtisadiyyat, Turizm, Humanitar və sosial elmlər, Tibb və sağlamlıq elmləri) üzrə müasir kurikulumlar əsasında tədris aparılır. Tədris proqramlarının hazırlanmasında nəticəyönümlü təhsil modeli, kompetensiya əsaslı yanaşma və beynəlxalq təcrübə əsas meyar kimi götürülmüşdür. Praktiki bacarıqların formalaşdırılması, istehsalat və klinik təcrübələrin genişləndirilməsi, real layihələr üzərində tələbələrlə iş mexanizmlərinin qurulması və bu məqsədlə müasir laboratoriyaların, klinik baza və praktiki tədris mühitinin yaradılması və inkişaf etdirilməsi universitetdə tədrisin təşkili prosesində prioritet vəzifələrdən hesab olunur.

Universitetin strateji hədəflərinə və qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq 2025-ci ildə də kadr cəlbi prosesi davam etdirilmişdir. Bu çərçivədə akademik və inzibati vəzifələr üzrə vakansiyalar elan edilmiş, müvafiq komissiya tərəfindən təşkil olunan müsahibə və sınaq dərsləri mərhələlərini uğurla keçən namizədlər işə qəbul edilmişdir. Hazırda Qarabağ Universitetində klinika da daxil olmaqla, ümumilikdə 378 nəfər əməkdaş fəaliyyət göstərir. Onlardan 159 nəfəri professor-müəllim heyətini, 219 nəfəri isə inzibati və texniki heyəti təşkil edir. Akademik və inzibati heyətin formalaşdırılması zamanı ölkənin aparıcı ali təhsil müəssisələrində və xarici universitetlərdə təcrübə qazanmış, peşəkar bilik və bacarıqlara malik, müasir dünyagörüşlü və innovativ düşüncəli gənc alim və mütəxəssislərə üstünlük verilmişdir. Texniki heyətin işə qəbulunda isə əsasən yerli sakinlərə üstünlük tanınmışdır ki, bu da işğaldan azad olunmuş ərazilərdə yeni məskunlaşmış əhalinin məşğulluğunun təmin edilməsinə, eləcə də regionun sosial-iqtisadi inkişafına töhfə verilməsinə xidmət edir.

Universitetin sosial infrastrukturu əhəmiyyətli dərəcədə genişləndirilərək bütün əməkdaşlar və tələbələr müvafiq yaşayış şəraiti ilə təmin olunmuşlar. Cari tədris ilində müasir kampus konsepsiyasına uyğun əsaslı təmir işləri aparılmış 7 mənzil tipli binadan ibarət yeni yataqxana kompleksi Qarabağ Universitetinin tələbələrinin istifadəsinə verilmişdir. Müvafiq yaşayış şəraiti yaradılmış 312 mənzil zəruri avadanlıqlarla təchiz edilmişdir. Ümumilikdə 30 min kvadratmetr mənzil sahəsi olan yataqxana kompleksində 1700 tələbənin yaşaması nəzərdə tutulmuşdur. Qeyd edək ki, Qarabağ Universitetinin ötən il istifadəyə verilmiş digər tələbə yataqxanası 6 mənzil tipli binadan ibarətdir.

İdarəetmədə müasir yanaşmalar

2025/2026-cı tədris ilinin payız semestrində Qarabağ Universitetində idarəetmədə sistemli, şəffaf və strateji yanaşmanın tətbiqi əsas prioritetlərdən biri olmuşdur. Akademik və inzibati struktur bölmələri arasında koordinasiyanın davamlı şəkildə gücləndirilməsi, tələbəyönümlü və nəticə əsaslı idarəetmə mexanizmlərinə üstünlük verilməsi universitetin dayanıqlı və rəqabətqabiliyyətli ali təhsil müəssisəsi kimi mövqeyinin möhkəmləndirilməsinə yönəlmişdir.

Bu yanaşmanın institusional əsaslarının formalaşdırılmasında universitetin ali idarəetmə orqanı olan Elmi Şuranın fəaliyyəti mühüm rol oynamışdır. Semestr ərzində keçirilən Elmi Şura iclaslarında idarəetmədə kollegiallıq, şəffaflıq və hesabatlılıq prinsipləri təmin edilmiş, tədrisin təşkili, tələbə qəbulu nəticələri, imtahan sessiyasına hazırlıq, fakültələrin fəaliyyəti, elmi-tədqiqat mühitinin inkişafı və tədris resurslarının zənginləşdirilməsi ilə bağlı məsələlər ətraflı müzakirə olunaraq müvafiq qərarlar qəbul edilmişdir.

Bununla yanaşı, universitet rəhbərliyinin fakültələrin akademik və inzibati heyəti ilə keçirdiyi silsilə görüşlər idarəetmədə açıq dialoq, qarşılıqlı etimad və strateji hədəflərə fokuslanma prinsiplərinin ön planda olduğunu nümayiş etdirmişdir. Bu görüşlərdə tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, sənaye ilə əməkdaşlıq imkanlarının artırılması, beynəlxalq əlaqələrin inkişafı, kadr potensialının gücləndirilməsi və tələbələrin hərtərəfli inkişafı kimi mühüm məsələlər ətraflı müzakirə olunmuşdur.

Qarabağ Universitetində tələbə mərkəzli yanaşma əsasında müasir idarəetmə modelinin tətbiqinə xüsusi önəm verilmişdir. Universitetdə davamlı surətdə təşkil olunan sorğular və görüşlər əsasında tələbələrin maraq və ehtiyacları təhlil edilmiş və müvafiq olaraq tədbirlər həyata keçirilmişdir. Buna misal olaraq, cari tədris ilinin əvvəlində tələbələrin akademik və sosial mühitə çevik uyğunlaşmasını təmin etmək, həmçinin onlara zəruri resursları təqdim etmək məqsədilə orientasiya günləri təşkil edilmişdir. Bu çərçivədə tələbələr Xankəndi şəhərinin əsas məkanları və iaşə obyektləri ilə tanış olmuş, universitetin tədris binaları, fakültələrin strukturu və heyəti barədə məlumatlandırılmış, tədrisin təşkili, intizam qaydaları, qiymətləndirmə meyarları, dərs cədvəli və sillabuslarla ətraflı tanış olmuşlar. Həmçinin universitet həyatına yeni qədəm qoymuş gənclərin motivasiyasının gücləndirilməsi məqsədilə universitet rəhbərliyinin bütün fakültələr üzrə tələbələrlə silsilə görüşləri təşkil edilmişdir. 

Bundan əlavə, tədrisin, sənəd dövriyyəsinin və kitabxana xidmətlərinin idarə olunmasında elektron sistemlərin tətbiqi istiqamətində hazırlıq işləri davam etdirilmişdir. Bu addımlar idarəetmədə rəqəmsallaşmanın genişləndirilməsinə, qərar qəbuletmə proseslərinin çevikliyinin və əməliyyat səmərəliliyinin artırılmasına, həmçinin universitetdə müasir və effektiv tədris mühitinin formalaşdırılmasına xidmət etmişdir.

Tədrisdə keyfiyyət təminatı

Ümumilikdə, həyata keçirilmiş idarəetmə və təşkilati tədbirlər, atılmış məqsədyönlü addımlar universitetin milli və beynəlxalq səviyyədə rəqabətqabiliyyətli təhsil və tədqiqat mərkəzinə çevrilməsi istiqamətində davamlı inkişaf xəttini dəstəkləmişdir. Bu kontekstdə Qarabağ Universitetində beynəlxalq keyfiyyət təminatı sahəsində əldə edilən ilk mühüm nailiyyət kimi Biznes və iqtisadiyyat fakültəsinin "Mühasibat" və "Maliyyə" ixtisaslarının dünyanın ən nüfuzlu peşəkar maliyyə qurumlarından biri olan ACCA (The Association of Chartered Certified Accountants - İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) tərəfindən akkreditə olunması xüsusi qeyd olunmalıdır. Bu akkreditasiya Qarabağ Universitetində hər iki ixtisas üzrə tədris olunan proqramların akademik məzmununun, təlim nəticələrinin və qiymətləndirmə mexanizmlərinin ACCA-nın beynəlxalq standartlarına tam uyğun olduğunu təsdiqləyir. Akkreditasiya çərçivəsində "Mühasibat" və "Maliyyə" ixtisasları üzrə gələcək məzunlar 5 il müddətində ACCA-nın 4 imtahanından (Business and Technology, Management Accounting, Financial Accounting, Corporate and Business Law) azad olunacaqlar. Bu mühüm üstünlük tələbələrimizə beynəlxalq peşəkar sertifikatlaşma yolunda vaxt və resurslara qənaət etməklə yanaşı, onların qlobal əmək bazarında rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırır. 

Universitetdə müəllimlərin pedaqoji və metodiki bacarıqlarının artırılması məqsədilə müxtəlif seminarlar, təlimlər və işgüzar müzakirələr təşkil olunmuşdur ki, bu da tədrisin keyfiyyətinin yüksəldilməsində mühüm addım hesab edilir. Bu fəaliyyətlər müəllimlərin müasir pedaqoji yanaşmalar, dərs planlaması, qiymətləndirmə metodları və tətbiqyönümlü təlim texnologiyaları sahəsində bilik və bacarıqlarını gücləndirməyə, dərs prosesini daha interaktiv və tələbəyönümlü etməyə imkan yaradır.

Eləcə də, 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının mövcud qanunvericiliyin tələblərinə uyğun və qabaqcıl beynəlxalq təcrübə əsasında, şəffaflıq və obyektivlik prinsipləri gözlənilməklə təşkil edilməsi tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır. İmtahan tapşırıqları tələbələrin yalnız nəzəri biliklərinin deyil, eyni zamanda analitik düşünmə, tənqidi yanaşma, problemi həll etmə və tətbiqi bacarıqlarının ölçülməsinə imkan vermişdir. İmtahan prosesində yazılı, şifahi, təqdimat (layihə) əsaslı və test üsulu ilə qiymətləndirmə, eyni zamanda kombinə edilmiş üsullardan istifadə edilmişdir.Tətbiq edilən çoxşaxəli imtahan modeli tədris prosesinin effektivliyinin real qiymətləndirilməsinə də şərait yaratmışdır.

Elmi fəaliyyətdə dinamik inkişaf

Cari tədris ilinin payız semestri Qarabağ Universiteti üçün elmi fəaliyyət sahəsində əhəmiyyətli nailiyyətlərin əldə olunması ilə də səciyyələnmişdir. Qısa zaman kəsiyində universitetin alim və tədqiqatçıları dünyanın müxtəlif ölkələrində keçirilmiş nüfuzlu beynəlxalq elmi konfrans və tədbirlərdə fəal iştirak etmiş, aktual elmi mövzular üzrə məruzələrlə çıxış edərək beynəlxalq elmi ictimaiyyətlə səmərəli elmi mübadilə aparmışlar. Semestr ərzində Qarabağ Universiteti Türkiyə, Latviya, Serbiya, Danimarka və Qazaxıstanda təşkil olunan elmi platformalarda layiqincə təmsil olunmuşdur. 

Elmi fəaliyyətin kəmiyyət və keyfiyyət göstəricilərində də müsbət dinamika müşahidə edilmişdir. Belə ki, 2024-cü ildə 6, 2025-ci ildə isə 28 olmaqla, ümumilikdə Qarabağ Universiteti əməkdaşlarının Scopus indeksli nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunmuş məqalələrinin sayı 34-ə çatmışdır. Aparılan tədqiqatlar fundamental və tətbiqi elmləri əhatə edən geniş və interdisiplinar sahələri əhatə etmiş, həm yerli, həm də qlobal çağırışlara cavab vermişdir. Bu tədqiqatların nəticələri BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 12-nin icrasına töhfə vermişdir. Xüsusilə iqlim dəyişikliyi, enerji, innovasiya və iqtisadi inkişaf sahələrində araşdırmalar üstünlük təşkil etmişdir ki, bu da universitetin sosial və ekoloji məsuliyyət prinsiplərinə əsaslanan elmi yanaşmasını əks etdirir.

Elmi potensialın gücləndirilməsi məqsədilə universitet əməkdaşları tədqiqat bacarıqlarının artırılmasına yönəlmiş təlim proqramlarına fəal cəlb olunmuşlar. Universitetin Tədqiqat və İnnovasiya Mərkəzinin dəstəyilə bütün fakültələrdə həftəlik elmi seminarların təşkilinə başlanılmışdır. Seminarların əsas məqsədi tədqiqatyönümlü fəaliyyəti stimullaşdırmaq, fakültələrarası elmi əməkdaşlığı artırmaq, innovativ ideyaların müzakirəsini təmin etmək və əldə olunan elmi biliklərin regionun sosial-iqtisadi inkişafına yönəldilməsinə şərait yaratmaqdır. Qarabağ Universiteti bu təşəbbüslə akademik mühitdə elmi istiqamətlənməni gücləndirməyi, yeni tədqiqat layihələrinin yaranmasına dəstək göstərməyi və universitetin innovasiya ekosistemini daha da inkişaf etdirməyi hədəfləyir.

Tələbə nailiyyətləri və fəallığı

2025/2026-cı tədris ilinin payız semestri Qarabağ Universitetində tələbələrin akademik biliklərinin real mühitdə tətbiqi, innovativ təşəbbüslərlə çıxış etməsi və universiteti milli və beynəlxalq platformalarda layiqincə təmsil etməsi baxımından əlamətdar olmuşdur. Tələbələr iqlim fəaliyyəti, "yaşıl iqtisadiyyat", mühəndislik, aqrar innovasiyalar, sahibkarlıq və digər sahələrdə müvafiq təşəbbüslərlə çıxış edərək uğur qazanmışdırlar. Qarabağ Universitetində bu istiqamətdə fəaliyyətlərin dəstəklənməsi tələbələrin qlobal miqyasda rəqabətqabiliyyətli, sosial məsuliyyətli və praktikyönümlü mütəxəssislər kimi formalaşdırıldırılmasına hədəflənmişdir.

Semestr ərzində "Bakı İqlim Fəaliyyəti Həftəsi 2025", "Rebuild Karabakh" və "BakuBuild" beynəlxalq sərgiləri və Beynəlxalq STEAM Azərbaycan Festivalında (SAF 2025) Qarabağ Universitetinin tələbələrinin layihələri böyük maraqla qarşılanmış və Qarabağın "yaşıl bərpası"na gənclərin töhfəsi kimi yüksək dəyərləndirilmişdir.

Eləcə də, Qarabağ Universitetinin tələbələrinin hazırladığı "Agritech Hydro Karabakh" layihəsinin "Bizdən Biznesə" startap müsabiqəsində üçüncü yerə layiq görülməsi və 15 000 AZN maliyyə mükafatı qazanması tələbə sahibkarlığının təşviqi istiqamətində əldə edilən nailiyyətlərdəndir. Bundan əlavə, Qarabağ Universitetinin 8 tələbəsi "Gənc qızların təhsilinə dəstək" layihəsi çərçivəsində "Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı - 2025" in qalibi seçilmişdir. Həmçinin Qarabağ Universitetinin "Hüquqşünaslıq" ixtisasında təhsil alan tələbələri Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən müsabiqə və viktorinada uğur qazanmışlar.

Semestr ərzində Qarabağ Universitetinin tələbələri bir sıra nüfuzlu beynəlxalq elmi və texnoloji platformalarda uğurla təmsil olunmuşlar. "Enactus Qarabağ" komandası ilk dəfə iştirak etdiyi "Enactus Azərbaycan" milli yarışının qalibi olmuş və Tailand Krallığında keçirilən "Enactus Dünya Kuboku 2025"-də Azərbaycanı uğurla təmsil edərək innovativ düşüncə sahəsində universitetin beynəlxalq nüfuzunun artmasına töhfə vermişdir. Həmçinin tələbələrimiz Avstraliyanın Sidney şəhərində 76-cı Beynəlxalq Astronavtika Konqresində (76th International Astronautical Congress - IAC 2025) iştirak etmişlər. Bununla yanaşı, tələbə komandamız 50-ci ICPC - Universitetlərarası Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfinal mərhələsində və Cənubi Qafqaz Açıq Çempionatında uğurla iştirak edərək əvvəlki illərlə müqayisədə əhəmiyyətli irəliləyişə nail olmuşlar. Bundan əlavə, Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında həyata keçirilən gənclər mübadiləsi proqramı çərçivəsində 12 nəfərdən ibarət Azərbaycan nümayəndə heyətinin tərkibində Qarabağ Universitetinin bir tələbəsi Mərakeşdə səfərdə fəal təmsil olunmuşdur.

Semestr ərzində könüllülük fəaliyyətləri də diqqət mərkəzində saxlanılmışdır. Tələbələr 2025-ci ilin 2-5 sentyabr tarixlərində III MDB Oyunları çərçivəsində Xankəndi şəhər stadionunda təşkil olunan yarışlarda, eləcə də 15-16 oktyabr tarixlərində III Azərbaycan Milli Şəhərsalma Forumunda könüllü kimi fəal iştirak etmişlər. 

Milli-mənəvi dəyərlərin təbliği və maarifləndirmə  işi

2025/2026-cı tədris ilinin payız semestri Qarabağ Universitetində mənəvi-ideoloji, maarifləndirici, mədəni və ictimai fəaliyyətlərin sistemli və məqsədyönlü şəkildə genişləndirilməsi ilə də səciyyələnmişdir. İşğaldan azad olunmuş ərazilərdə formalaşan yeni ali təhsil modelinə uyğun olaraq universitet gənclərin milli kimlik şüurunun möhkəmləndirilməsi, vətənpərvərlik dəyərlərinin aşılanması, tarixi yaddaşın qorunması və mədəni irsin yaşadılması istiqamətində ardıcıl təşəbbüslərlə çıxış etmişdir. Payız semestri ərzində Qarabağ Universitetində dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyan əlamətdar günlərə həsr olunmuş silsilə tədbirlər təşkil edilmişdir. "27 Sentyabr - Anım Günü", "8 Noyabr - Zəfər Günü", "12 Dekabr - Ümummilli Lider Heydər Əliyevin anım günü", "20 Yanvar - Ümumxalq Hüzn Günü", eləcə də Üzeyir  bəy Hacıbəylinin 140 illiyi və akademik Yusif Məmmədəliyevin 120 illiyi münasibətilə keçirilən tədbirlər gənclərdə milli qürur hissinin gücləndirilməsinə, tarixi şəxsiyyətlərin irsinin dərindən mənimsənilməsinə və mədəni yaddaşın qorunmasına xidmət etmişdir. Bununla yanaşı, Qarabağ Universitetinin yaradılmasının 2 illiyi, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə İncəsənət fakültəsində təşkil olunan konsert proqramları və sərgilər universitetin mədəni mühitinin zənginləşdirilməsinə mühüm töhfə vermişdir.

Milli-mənəvi dəyərlərin təşviqi istiqamətində Qarabağ Universiteti institusional əməkdaşlıqlarını da genişləndirmişdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondu ilə birgə "Mənəvi dəyərlər həftəsi"çərçivəsində keçirilən elmi mühazirələr, panel müzakirələri, bədii proqramlar və ağacəkmə aksiyası milli-mənəvi dəyərlərin həm nəzəri, həm də praktik müstəvidə təşviq edildiyini əyani şəkildə ortaya qoymuşdur.

2025/2026-cı tədris ilinin payız semestrində Qarabağ Universitetində tərəfdaş qurumların dəstəyilə həyata keçirilən çoxşaxəli və sistemli təlimlər və maarifləndirici görüşlər tələbə və əməkdaşların bilik, bacarıq və səriştələrinin gücləndirilməsini təmin etməklə insan kapitalının inkişafını universitetin əsas prioriteti kimi ön plana çıxarmışdır. Yumşaq bacarıqlar, rəqəmsal savadlılıq və kibertəhlükəsizlik, innovasiya və layihəəsaslı düşüncə, karyerayönümlü və sosial məsuliyyət mövzularını əhatə edən bu tədbirlər iştirakçıların akademik, peşəkar və vətəndaş mövqelərinin formalaşmasına, əmək bazarının tələblərinə uyğun kompetensiyaların qazanılmasına və davamlı öyrənmə mədəniyyətinin möhkəmlənməsinə xidmət etmişdir. 

Beynəlxalq və yerli tərəfdaşlıqların inkişafı

Bu dövr Qarabağ Universiteti üçün beynəlxalq əməkdaşlığın inkişafı, strateji tərəfdaşlıqların genişləndirilməsi və universitetin qlobal akademik məkanda mövqeyinin möhkəmləndirilməsi baxımından da mühüm mərhələ olmuşdur. Həyata keçirilən rəsmi səfərlər və institusional təmaslar Qarabağ Universitetinin beynəlxalq əməkdaşlığının inkişafının planlı, ardıcıl və məqsədyönlü xarakter daşıdığını nümayiş etdirmişdir. Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekin və Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvar ilə birlikdə Qarabağ Universitetində olmaları və eləcə də Ankarada keçirilimiş görüşlər Qarabağ Universitetinin Türkiyə universitetləri ilə əməkdaşlığının yeni mərhələyə keçməsinə əhəmiyyətli töhfə vermişdir. Bununla yanaşı, Türkiyənin Şərqi Anadolu bölgəsində yerləşən universitetlərin rektorlarından ibarət nümayəndə heyəti ilə Qarabağ Universitetində keçirilən görüş çərçivəsində potensial əməkdaşlıq imkanları ətrafında səmərəli müzakirələr aparılmışdır.

Qarabağ Universitetinin Türk Universitetlər Birliyinə (TÜRKÜNİB) üzv qəbul edilməsi beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm nailiyyət hesab olunur. Bundan əlavə, 2026-cı ilin yanvarında Ankaraya səfər çərçivəsində Türkiyənin nüfuzlu ali təhsil müəssisələri - Ankara Universiteti, Hacettepe Universiteti, Ankara Hacı Bayram Veli Universiteti və Qazi Universiteti ziyarət edilmiş, qarşılıqlı əməkdaşlıq perspektivləri üzrə faydalı müzakirələr aparılmışdır. Səfər zamanı, Azərbaycan Respublikasının elm və təhsil naziri və Türkiyə Ali Təhsil Şurasının sədrinin iştirakı ilə Qarabağ Universiteti və İstanbul Texniki Universiteti arasında Anlaşma Memorandumunun imzalanması universitetimizin tədris və tədqiqat potensialının gücləndirilməsinə, beynəlxalq standartlara uyğun kadr hazırlığının təmin edilməsinə hədəflənmişdir.

Bununla yanaşı, Qarabağ Universitetində qabaqcıl yerli ali təhsil müəssisələri, dövlət və sənaye qurumları ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. SOCAR ilə imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində tələbələr üçün təcrübə və təqaüd proqramları, elmi-tədqiqat və innovativ layihələrin dəstəklənməsi, Bakı Ali Neft Məktəbi və Qarabağ Universiteti arasında müştərək tədris proqramları və bir sıra digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Həmçinin, payız semesti ərzində Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurası ilə birgə konfrans, Şuşa Şəhəri Dövlət Qoruğu ilə birgə elmi-praktik seminar təşkil olunmuşdur. ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində Qarabağ Universitetinin müəllimləri üçün "Rəqəmsal Tədris və Öyrənmənin Dizaynı" adlı təlim proqramına başlanılmışdır. Proqramın əsas məqsədi müəllimlərin rəqəmsal tədris mühitində pedaqoji yanaşmalarını gücləndirmək, müasir təlim dizaynı prinsiplərini mənimsəmək və LMS əsaslı dərs quruluşunu effektiv şəkildə formalaşdırmaqdır. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Anlaşma Memorandumu imzalanmış, elmi-tədqiqat və akademik mübadilə imkanları genişləndirilmişdir. Bundan əlavə, Xankəndi, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə əməkdaşlıq perspektivləri müzakirə olunmuş, tələbələr üçün müsabiqələr, layihələr və "Dirçəliş klubu"nun fəaliyyəti planlaşdırılmışdır. 

Beləliklə, dövlətimizin hərtərəfli dəstəyi və faydalı tərəfdaşlıqlar sayəsində Qarabağ Universitetində cari tədris ilinin payız semestri məhsuldarlığı ilə yadda qalmışdır. Əldə olunan nailiyyətlər, reallaşdırılan yeni layihələr və tərəfdaşlıqlar universitetin strateji hədəflərinə çatması yolunda əhəmiyyətli addımlar olmuşdur. Regional ekosistemin drayveri olmağı hədəfləyən Qarabağ Universitetinin potensialının daha da gücləndirilməsi məqsədilə dövlətimizin güclü dəstəyilə reallaşdırılan bu çoxşaxəli fəaliyyətlər növbəti dövrlərdə də davam etdiriləcəkdir.

Şahin BAYRAMOV,

Qarabağ Universitetinin rektoru

Chosen
59
34
azerbaijan-news.az

10Sources