EN

Beynəlxalq sülh platformasında Azərbaycanın rolu artır

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə təşkil edilmiş Sülh Şurasının timsalında bu gün Azərbaycanın qlobal sülh platformalarında iştirakı ölkəmizin beynəlxalq nüfuzunun artdığını və etibarlı tərəfdaş kimi qəbul edildiyini göstərir. Sülhü yalnız sözdə deyil, konkret addımları, diplomatik təşəbbüsləri və tərəfdaşlıq layihələri ilə əyani şəkildə dəstəkləyən Bakı daim dialoq və əməkdaşlığı öz siyasətində prioritet hesab edir, iradəsi və məsuliyyəti ilə barışın mümkün olduğunu ortaya qoyur.

Onilliklər boyu silahların susmadığı Cənubi Qafqazda hazırda var olan de-fakto sülh bunu təsdiqləyir. Bu baxımdan Azərbaycanın sülh modelini təkcə regional deyil, dünya üçün sabit və təhlükəsiz gələcəyə doğru yol xəritəsi də adlandırsaq, yanılmarıq. 

Dünyəvi barışa töhfə

Ölkəmizin Sülh Şurasında iştirakı təsadüfi deyil. Yanvarın 22-də Ümumdünya İqtisadi Forumu çərçivəsində Davosda "Sülh Şurasının Nizamnaməsi" ("Board of Peace Charter") sənədinin imzalanma mərasimi keçirilib. Prezident İlham Əliyev, tədbirdə iştirak edən digər dövlət və hökumət başçıları "Sülh Şurasının Nizamnaməsi" ("Board of Peace Charter") sənədini imzalayıblar. Bununla da Azərbaycan Sülh Şurasının təsisçi üzvlərindən biri olub. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə təşkil edilmiş Sülh Şurasının "X" sosial mediasında səhifəsi yaradılıb. Səhifədə Sülh Şurası təsisçi üzv kimi Azərbaycanı salamlayıb. 

Azərbaycanın Sülh Şurasında təsisçi üzv kimi iştirakı diplomatik uğur olmaqla yanaşı, beynəlxalq ictimaiyyətin ölkəmizin sülhə verdiyi töhfələrə olan etimadının təzahürüdür. Bu, Azərbaycanın həm regional, həm də qlobal səviyyədə sülhün təşviqinə verdiyi ardıcıl töhfələrin dünya miqyasında tanınmasının, beynəlxalq sülh platformasında artan rolunun göstəricisidir. Regional münaqişənin ədalətli həlli, suverenliyin və ərazi bütövlüyünün təmin olunması, dialoq və əməkdaşlığın təşviqi kimi vacib məsələlər Azərbaycanın qlobal sülh gündəliyinə verdiyi konkret töhfələrdir.

İşğal faktını heç zaman qəbul etməyən Azərbaycan süni şəkildə dondurulmuş Qarabağ münaqişəsini siyasi qətiyyəti və hərbi gücü ilə 2020-ci ilin payızında kökündən həll edib. İkinci Qarabağ müharibəsində BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsini özü icra edərək ərazilərini işğaldan azad edən ölkəmiz bununla həm də beynəlxalq hüququn tələblərini yerinə yetirib. 

Sülh yaradan lider kimi adı tarixə yazılan Prezident İlham Əliyevin postmünaqişə dövründə yürütdüyü siyasi xətt də barış, qarşılıqlı anlaşma və əməkdaşlıq istiqamətində oldu. 

Ötən müddətdə Azərbaycan sülh gündəliyinin irəlilədilməsi üçün atdığı real addımlarla əsas hədəfinin dayanıqlı sülh olduğunu göstərdi. Hazırda Cənubi Qafqazda birgəyaşayış və əməkdaşlıq üçün formalaşdırılmış münbit zəmin də elə Bakının davamlı sülh səylərinin uğurlu nəticəsidir. 

Yanvarın 20-də Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda keçirilən panel iclası zamanı Prezident İlham Əliyev bölgədə bərqərar olan barışla bağlı dedi ki, biz ədaləti, beynəlxalq hüququ, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdik, sonra isə sülhə nail olduq: "Otuz il davam etmiş müharibə və qan tökülməsindən sonra həqiqi sülhün bərqərar olması hər halda misilsiz bir hadisədir".

Qafqazda sülhün yaradılması səylərinə verilən qiymət

Bölgədə formalaşdırılmış sülh mühiti, regional kommunikasiyaların açılması, qarşılıqlı etimad mühitinin yaradılması istiqamətində mühüm işlərin görülməsi Azərbaycanın sülh gündəliyi sayəsində mümkün olub. Bakının qətiyyətli siyasəti nəticəsində münaqişə edən tərəflər bu gün bütün problemlərini dialoq yolu ilə həll etməyin tərəfdarıdırlar. Ötən il 8 avqust tarixində Vaşinqton sammitində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişinin mətninin paraflanması bölgədə davamlı sülhün təməlini qoyub. 

Sülh prosesi çərçivəsində atdığı konstruktiv addımlarla kommunikasiya əlaqələrinə əlavə töhfələr verən Azərbaycanın keçən il Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırması, eyni zamanda ölkəmizdən neft məhsullarının tədarükünə başlanılması, həmçinin iki ölkənin vətəndaş cəmiyyətlərinin İrəvan və Bakıya qarşılıqlı səfərləri kimi çoxsaylı nümunələr də sülh istiqamətində atılan praktiki addımlardır. 

Vurğulanası vacib məqamdır ki, Azərbaycan yalnız regional deyil, beynəlxalq miqyasda da daim sülh və əməkdaşlıq təşəbbüsləri ilə çıxış edir. Beynəlxalq sülhməramlı missiyalarda iştirakı, qlobal humanitar və inkişaf yardımları, enerji və nəqliyyat diplomatiyası Azərbaycanın müasir çağırışlara adekvat cavab verməsinin, ümumilikdə qlobal sülhə verdiyi töhfələrin təzahürüdür. 

Ölkəmizin lideri İlham Əliyevin müharibəyə yaxnlaşan  ölkələr arasında vasitəçilik etməklə tarixi barışdırıcılıq missiyası həyata keçirməsi, yəni bütün fəaliyyəti ilə dünyada sülhə xidmət etməsi beynəlxalq aləm tərəfindən də dəyərləndirilir. Məhz bu və digər xoşməramlı xidmətlərinə görədir ki, dövlətimizin başçısına yüksək ehtiram göstərilir. Bu günlərdə Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu tərəfindən "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülüb. 

Bu il fevralın 4-də BƏƏ-nin Əbu-Dabi şəhərində keçiriləcək təntənəli mərasimdə təqdim olunacaq mükafat Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan - "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in paraflanmasına görə verilib.

Yanvarın 20-də Davosda "Euronews" televiziyasına müsahibəsi zamanı Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, ölkəmizin sülh gündəliyinin dünya ictimaiyyəti tərəfindən dəstəklənməsinin bariz nümunəsi olan bu mükafatı alması ilə bağlı söylədi ki, belə nüfuzlu mükafatı almaq onun üçün böyük şərəfdir: "Mən bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm".

Bütün bunlar Azərbaycanın regionda barışın bərqərar olması üçün həyata keçirdiyi qətiyyətli siyasətə, qlobal sülh səylərinə verilən yüksək qiymətin, beynəlxalq ehtiramın təzahürüdür. 

Azərbaycan sübut edir ki, sülh yalnız bəyanatlarla deyil, prinsipial mövqe, siyasi iradə və məharətli diplomatiya ilə qurulur. Sülh Şurasındakı fəaliyyəti isə ölkəmizin bu istiqamətdə beynəlxalq miqyasda daha fəal rol oynayacağının, qlobal sabitlik və təhlükəsizliyə töhfələrini daha da gücləndirəcəyinin bariz göstəricisidir. 

Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Chosen
64
50
azerbaijan-news.az

10Sources