Şərurda fermerlər yetişdirdikləri mal-qaranı monopolistlərə ucuz qiymətə satmağa məcbur olurlar. Buna səbəb isə, rayondakı heyvan bazarının beş aydan artıqdır ki, bağlanmasıdır.
Fermerlər iddia edirlər ki, bazır bağlanmasında elə monopolistlərin əli var. Onlar bazarı bağlayan yerli icra hamikiyyətini də bu monopolislərlə iş birliyində günahlandırırlar.
NOCOMMENT.az xəbər verir ki, fermerlərin bildirdiklərinə görə, onların yuxarı orqanlara etdikləri şikayətlərin heç bir nəticə olmayıb.
Fermerlərdən Abbas Kərimov deyir ki, Arpaçay kənarında yerləşən bazar dabaq xəstəliyi bəhanəsi ilə bağlanıb:
“Dabaq xəstəliyinin yayılmasına da özləri səbəb olmuşdu. Pulu yeyib, proflaftik tədbir aparmamışdılar. Xəstəlik ber neçə aydı keçib, ancaq bazarı açmaq istəmirlər. Çünki, sərf etmir. Bazar olmadığı üçün heyvanlarımızı onlara yarı qiymətə satmağa məcbur oluruq.
Doqquz qoç bəsləmişəm, sata bilmirəm, əlimdə qalıb. Monopolistlərin qəssabları kəndə gəlir, heyvanı real dəyərinin yarı qiymətinə almaq istəyir. Borclarımızı ödəmək üçün məcbur qalıb veririk. Yüzlərlə fermerin günü qaradır. Şikayətimizə baxan yoxdur. Hər şeyi monopoliyaya alırlar.
Yüksək vəzifəli məmurların hamısının sürüsü var. Onların şəxsi qəsabları, qəssabxanaları var. Lazım olanda kütləvi şəkildə Naxçıvandan kənara da çıxaraıb baha sata bilirlər. Bu səbəbdən bizi məhv edirlər.”
Digər fermer Qabil Xəlilov deyir ki, Prezident Aparatına kimi şikayət etsələr də nəticəsi olmayıb:
“Bazarı dabaq xəstəliyini görə bağladılar, başa düşdük. İndi ki, xəstəlik yoxdur. 20-yə qədər satılacaq mal heyvanım var. Alverçilər yarı qiymətə istəyir, sata bilmirəm. Dəfələrlə icra hakimiyyətinə şikayət etmişik, “yer dəyişdiriləcək” deyə vəd versə də, iki aydan artıqdır heç bir konkret addım atılmayıb. Ancaq yola verməklə məşğuldur.
Prezident Administrasiyasına, Nazirlər Kabinetinə və Kənd Təsərrüfatı Nazirliyinə də müraciət etmişik, şikayətlərə real baxan yoxdur. Çarəsiz duruma düşmüşük. Nə edəcəyimizi bilmirik.” /Gündəlik Naxçıvan/