İranın Xarici İşlər naziri Abbas Arakçi bildirib ki, hazırda bir neçə dövlət Yaxın Şərqdə genişmiqyaslı müharibənin qarşısını almaq üçün səylər göstərir, lakin bu ölkələrdən heç biri Avropaya aid deyil. Onun sözlərinə görə, Avropa ölkələri deeskalasiyada iştirak etmək əvəzinə, gərginliyin artmasına səbəb olurlar. Arakçi əlavə edib ki, regionda mümkün böyük münaqişə Avropaya da təsir göstərəcək, xüsusilə enerji resurslarının qiymətlərinin artması vasitəsilə, və bu baxımdan Avropa İttifaqının mövqeyi öz maraqları ilə ziddiyyət təşkil edir.

NOCOMMENT.az xəbər verir ki, bununla yanaşı, Pakistanın baş naziri Şahbaz Şərif İran prezidenti Məhsud Pezeşkianla telefon danışığı aparıb. Danışıqlarda regiondakı son vəziyyət müzakirə olunub, davamlı dialoq və diplomatik əlaqələrin əhəmiyyəti vurğulanıb. Həmçinin, tərəflər Pakistan və İran arasında yüksək səviyyəli mütəmadi əlaqələrin davam etdirilməsinə sadiqliklərini təsdiqləyiblər.

ABŞ Prezidenti Donald Tramp isə ABŞ-ın kəşfiyyat orqanlarının nümayəndələri ilə qapalı brifinq keçirib. Brifinqin rəsmi mövzusu açıqlanmayıb, lakin regionda gərginliyin artdığı bir vaxtda baş tutub. Reuters-in məlumatına görə, Tramp İranın ali lideri və güc strukturlarına qarşı hədəfli zərbələr daxil olmaqla bir neçə hərbi variantı nəzərdən keçirir. Məqsəd ölkədəki genişmiqyaslı etiraz dalğalarını təhrik etmək və potensial olaraq rejim dəyişikliyi yaratmaqdır.

BBC isə mümkün ssenariləri araşdırıb. Bu variantlara hədəfli zərbələrdən sonra demokratiya qurulması, ABŞ-ın müdaxiləsi ilə rejimin yüngülləşdirilməsi, hərbi hökumətin qurulması və ABŞ zərbələrinin özlərinə və müttəfiqlərinə qarşı çevrilməsi daxildir. İranın ballistik raketləri və dronları vasitəsilə ciddi ziyan vurmaq imkanları mövcuddur. Həmçinin, İran beynəlxalq dəniz yolunu mina ilə əngəlləyərək enerji tədarükünə təhdid yarada bilər.

İsrail və ərəb ölkələri isə bildirirlər ki, yalnız hava zərbələri ilə İran rejiminin devrilməsi mümkün deyil və regionda sabitliyin pozulması ehtimalı yüksəkdir. İran isə həm hərbi hazırlığını gücləndirir, həm də dialoq üçün açıq qaldığını bəyan edir, eyni zamanda hücum halında ölkəni “heç vaxt olmadığı qədər” müdafiə edəcəyini vurğulayır.
Əli Səfərli,
NOCOMMENT.az