EN

Benefisiar: Əl işlərimizin portal üzərindən satışının təşkil olunması bizə böyük dəstəkdir

Bakı, 29 yanvar, AZƏRTAC

Əl işlərimizin portal üzərindən satışının təşkil olunması bizim üçün böyük bir dəstəkdir. Əməyizin dəyərləndirilməsi bizi daha da həvəsləndirir. Gördüyümüz iş maraqlıdır.

Bunu AZƏRTAC-a açıqlamasında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarı, rəsm və keramika ustası Dərgah Əliyev bildirib.

Onun sözlərinə görə, dostart.az domeni altında fəaliyyət göstərən satış portalında rəsm üzrə 3 işi yerləşdirilib: “Rəsmlə uşaqlıqdan məşğulam. Mart ayından mərkəzə gəldim ki, işimi daha da təkmilləşdirim. Təlimçi müəllimlərimiz də əllərindən gələni edirlər. Yararlı olmaq gözəl hissdir. Cəmiyyətə inteqrasiya olunuruq. Müəllimlərimiz sağ olsunlar ki, bizə bu cür işləməyi öyrədiblər. Biz də əlimizdən gələni edəcəyik ki, işlərimiz uğurlu olsun. Rəsm və keramika üzrə ümumilikdə 6 işim var. Burada keramika işlərim var, onlar da sayta yerləşdiriləcək. Ümid edirəm ki, uğurlarımız davamlı olacaq”,- deyə o qeyd edib.

Qeyd edək ki, bu gün DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları olan həssas kateqoriyalara aid şəxslərin əl işlərinin satışını təşkil edəcək dostart.az pilot layihəsinin təqdimatı olub. Həmin platforma vasitəsilə həssas qruplardan olan şəxslərin hazırladıqları əl işləri vahid onlayn platforma üzərindən daha geniş auditoriyaya çatdırılacaq. Bu isə onların özünüməşğulluq bacarıqlarının inkişafına və cəmiyyətin iqtisadi həyatında fəal iştirakına real imkan yaradacaq.

Pilot layihə 1 il müddətinə nəzərdə tutulub. Gələcəkdə bu platformanın əhatə dairəsinin genişləndirilməsi, ölkə üzrə həssas qruplardan olan digər şəxslərin də buraya cəlb olunması planlaşdırılıb.

Chosen
31
2
azertag.az

3Sources