2025-ci il Azərbaycanın əmək bazarı üçün həm struktur dəyişiklikləri, həm də yeni çağırışlar ili oldu. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya il ərzində yalnız məlumat toplamaqla kifayətlənməyib, həm də toplanan analitik məlumatları siyasət və praktiki qərarlara çevirməyə nail olub.
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli “İki sahil” qəzetinə müsahibəsində 2025-ci ilin əsas uğurlarını, əmək bazarında müşahidə olunan tendensiyaları və 2026-cı il üçün strateji prioritetləri açıqlayır.
-2025-ci il Milli Observatoriyanın fəaliyyəti baxımından hansı uğurlar və yeniliklərlə yadda qaldı?

-Ötən il Milli Observatoriya üçün məhsuldar keçdi. 6 il öncə Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmış qurum olaraq Milli Observatoriya artıq əmək bazarı üzrə etibarlı analitik mərkəz kimi tanınır. Ötən il Milli Observatoriya üçün həm institusional güclənmə, həm də fəaliyyətin miqyaslanması ili oldu. Biz 2025-ci ildə əmək bazarına dair analitik hesabatlarımızı daha sistemli şəkildə ictimaiyyətə təqdim etdik, sorğu və monitorinqlərimizi genişləndirdik, universitetlərlə və işəgötürənlərlə əməkdaşlığı yeni səviyyəyə qaldırdıq. Ən önəmlisi fəaliyyətimizi yalnız məlumat toplamaqla məhdudlaşdırmadıq, həm də bu məlumatların siyasətə, qərarverməyə və praktik nəticələrə çevrilməsinə nail olduq. Xarici ölkələrə səfərlərimiz və beynəlxalq əməkdaşlıqlarımız genişləndi.
Əmək bazarının araşdırılması, şəffaf sorğu prosesinin keçirilməsi beynəlxalq miqyasda digər beyin mərkəzlərinin də diqqətini çəkdi. Bu məhsuldar fəaliyyətin nəticəsi kimi təhlil və təlim sahəsində göstərilən xidmətlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildi. Təkcə 2025-ci ildə qurum 3 beynəlxalq mükafata layiq görüldü.
-2025-ci ildə aparılan təhlillərə əsasən, Azərbaycan əmək bazarında hansı əsas tendensiyalar və dəyişikliklər müşahidə olunub?
-2025-ci ildə aparılan təhlillər göstərdi ki, Azərbaycan əmək bazarı əsasən struktur transformasiyası mərhələsindədir. Təhlil və Tədqiqat Mərkəzi olaraq məqsədimiz yalnız mövcud vəziyyəti təsvir etmək deyil, bu dəyişikliklərin səbəblərini və uzunmüddətli təsirlərini müəyyənləşdirmək idi.
İl ərzində həyata keçirilən araşdırmalar nəticəsində əmək bazarında bacarıq uyğunsuzluğu əsas problemlərdən biri kimi ön plana çıxdı. İşəgötürənlər daha çox praktik bacarıqlara, rəqəmsal səriştələrə və çevik düşünmə qabiliyyətinə malik kadrlar axtararkən işaxtaranların bu tələblərə tam cavab vermədiyi müşahidə olundu. Digər mühüm tendensiya rəqəmsallaşmanın məşğulluq strukturuna təsiridir. İnformasiya texnologiyaları, elektron xidmətlər, data analitikası və süni intellektlə bağlı ixtisaslara tələbat artmaqda davam edir. Paralel olaraq, bəzi ənənəvi peşələrin funksional məzmunu dəyişir və işçilərdən yeni bacarıqların mənimsənilməsi tələb olunur. Eyni zamanda, xidmət sektoru, maliyyə, tikinti və turizm sahələrində məşğulluğun artdığı müşahidə edildi. Bu sahələr iqtisadi aktivliyin əsas lokomotivlərinə çevrilərək əmək bazarında tələbin istiqamətini müəyyənləşdirdi.
-Bu il Milli Observatoriya tərəfindən keçirilən sorğu və monitorinqlər hansı mövzuları əhatə edib və əldə olunan nəticələr nəyi göstərir?
-2025-ci il ərzində sorğu və monitorinq fəaliyyəti Milli Observatoriyanın əsas fəaliyyət istiqamətlərindən biri oldu. İl ərzində 10 mindən çox respondent müxtəlif formatlı sorğulara cəlb edildi. Sorğuların 63 faizi telefonla, 33 faizi onlayn, 4 faizi isə üzbəüz formatda keçirildi ki, bu da müxtəlif sosial və peşə qruplarının mövqelərini əhatə etməyə imkan verdi. Sorğuların əhatə dairəsi son dərəcə geniş idi. İşəgötürənlər, ekspertlər, tələbə və məzunlar, məşğul və işsiz şəxslər, işaxtaranlar, nazirliyin xidmətlərindən istifadə edən vətəndaşlar, həssas əhali qrupları, ev təsərrüfatları, eləcə də xidmət göstərən əməkdaşlar bu tədqiqatlara daxil edildi. Əldə edilən nəticələr əmək bazarında bir neçə əsas meyli üzə çıxardı. İşəgötürənlər praktik bacarıqlara üstünlük verdiklərini bildirdilər. Gənclər və yeni məzunlar əmək bazarına inteqrasiya prosesində çətinliklərlə qarşılaşdıqlarını qeyd etdilər. Məşğul şəxslər arasında iş yükünün balanslaşdırılması və səriştə əsaslı idarəetmə mexanizmlərinə ehtiyac ön plana çıxdı. İşsiz və işaxtaran şəxslər isə peşə hazırlığı və özünüməşğulluq proqramlarına maraq göstərdiklərini ifadə etdilər.
Ev təsərrüfatları üzrə aparılan monitorinqlər sosial rifah göstəricilərinin daha dəqiq ölçülməsinə və sosial müdafiə siyasətinin real təsirinin qiymətləndirilməsinə imkan verdi.
-İş yükünün ölçülməsi və səriştə modeli dövlət qurumlarında şəffaf və effektiv kadr siyasətinin formalaşmasına necə təsir edir?
-İş yükünün ölçülməsi və səriştə modellərinin tətbiqi dövlət idarəçiliyində keyfiyyət dəyişikliklərinin əsas alətlərindən biri kimi çıxış edir. Bu mexanizmlər işçilərin real funksional yükünü, məsuliyyət səviyyəsini və performans göstəricilərini obyektiv şəkildə qiymətləndirməyə imkan verir. 2025-ci ildə aparılan təhlillər göstərdi ki, iş yükünün düzgün ölçülməməsi bəzi hallarda əməkdaşlar arasında qeyri-bərabər bölgüyə, motivasiya itkisinə və xidmət keyfiyyətinin azalmasına səbəb olur. Səriştə modeli isə hər vəzifə üzrə tələb olunan bilik, bacarıq və davranışları aydın şəkildə müəyyənləşdirməklə işə qəbul, rotasiya, qiymətləndirmə və inkişaf proseslərini daha şəffaf edir.
Bu yanaşma kadr siyasətinin subyektivlikdən uzaqlaşmasına, qərarların faktlara əsaslanmasına və insan resurslarının daha səmərəli idarə olunmasına şərait yaradır. Nəticə etibarilə dövlət qurumlarında xidmətlərin keyfiyyəti yüksəlir və vətəndaş məmnunluğu artır.
-Sizcə, 2025-ci ilin nəticələrinə əsaslanaraq, 2026-cı il üçün Milli Observatoriyanın əsas hədəfləri və prioritet istiqamətləri nələr olacaq?
-2025-ci ildə əldə olunan nəticələr növbəti il üçün strateji prioritetlərin daha dəqiq müəyyənləşdirilməsinə imkan verdi. Əsas hədəflərimizdən biri regionda əmək bazarı və sosial müdafiə üzrə aparıcı strateji beyin mərkəzi funksiyasını daha da gücləndirməkdir. 2026-cı il əmək bazarının struktur dəyişiklikləri, peşə tələbləri və demoqrafik faktorların təsiri daha dərindən araşdırılacaq. Sorğular və monitorinqlər vasitəsilə işçilərin, işəgötürənlərin və vətəndaşların mövqeləri sistemli şəkildə öyrəniləcək və siyasət formalaşdırılmasına elmi əsaslar təqdim ediləcək. Eyni zamanda, nazirliyin tabeliyində olan qurumlarda xidmətlərin keyfiyyəti, işə qəbul proseslərinin şəffaflığı və əmək mühafizəsi göstəriciləri üzrə monitorinq mexanizmləri daha da təkmilləşdiriləcək. Beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübələrin ölkəyə gətirilməsi və bu standartların yerli şəraitə uyğunlaşdırılması da əsas prioritetlər sırasındadır. İnsan kapitalının inkişafı və korporativ idarəetmədə şəffaflıq mədəniyyətinin möhkəmləndirilməsi 2026-cı ilin fəaliyyətinin əsas istiqamətlərini təşkil edəcək.
Yaqut Ağaşahqızı, “İki sahil”