“Aero Vodochody” şirkəti altıncı L-39 “Skyfox” təyyarəsini Çexiyanın LOM PRAHA aviasiya təmir və təlim mərkəzinə təhvil verib.
“Poliqon” “Aero Vodochody”ə istinadən xəbər verir ki, cari ilin sonunadək daha iki təyyarənin LOM PRAHA-ya çatdırılması planlaşdırılır.
L-39 “Skyfox” müasir çoxməqsədli (təlim-döyüş) təyyarədir. O, pilot hazırlığından tutmuş taktiki və kəşfiyyat missiyalarına qədər bir çox funksiyanı yerinə yetirə bilir. İstehsalçının bildirdiyinə görə, “Skyfox” öz sinfində ən effektiv platformalardan biridir. Təyyarə Aİ və NATO tələblərinə uyğun olaraq sertifikatlaşdırılıb. Bu çoxşaxəli texnoloji platforma müasir simulyasiya və yerüstü təlim sistemlərini bir araya gətirir. Çexiyaya məxsus təlim təyyarəsi L-39 “Skyfox” müasir avionika, güclü reaktiv mühərrik və əla uçuş xüsusiyyətlərini birləşdirərək 4-cü və 5-ci nəsil döyüş təyyarələrini idarə edəcək pilotların hazırlanması, kəşfiyyat və müxtəlif quru qoşunları ilə birgə əməliyyatlara yönəlmiş taktiki missiyaların icra edilməsi üçün ideal seçimə çevrilir.
LOM PRAHA Çexiyada dövlətə məxsus hərbi aviasiya təmir və təlim mərkəzidir. Burada həm Çexiya Hərbi Hava Qüvvələri, həm də digər NATO ölkələrinin pilotları hazırlanır. Yeni L-39 “Skyfox” təyyarələrin alınması ilə bu mərkəzin təlim imkanları genişləndirilir.