EN

"Putinin "təhlükəsizlik zəmanəti" vədilə Kreml Zelenskini Moskvaya dəvət edir" - "QORDON"

"Kremlin bu çağırışı sülh jestindən çox siyasi istehza təsiri bağışlayır..."

Rusiya rəsmiləri Ukrayna prezidenti Vladimir Zelenskini Moskvada Vladimir Putinlə görüşməyə dəvət etdiklərini bildiriblər. 

Moderator.az xəbər verir ki, bu barədə "gordonua.com" nəşri məlumat yayıb. 

Kreml iddia edir ki, bu görüş üçün Zelenskiyə "təhlükəsizlik zəmanəti" verilə bilər. Prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovun sözlərinə görə, Rusiya heç vaxt birbaşa təmaslardan imtina etməyib və əgər Zelenski görüşə hazırdırsa, Moskva onu qəbul etməyə hazırdır.

Uşakovun açıqlamasında diqqət çəkən məqam isə təhlükəsizliyin "zəmanətli şəkildə" təmin ediləcəyi iddiasıdır. O, bu mövzunun Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında aparılan telefon danışıqları zamanı da müzakirə edildiyini deyib. 

Kreml rəsmisinin sözlərinə görə, birbaşa təmas ideyasını məhz Tramp irəli sürüb, lakin bu cür görüşlərin "yaxşı hazırlanması" və "müsbət nəticəyə yönəlik" olması vacib sayılır.

Zelenskinin mövqeyi və hüquqi məhdudiyyətlər

Vladimir Zelenski dəfələrlə vurğulayıb ki, Rusiya ultimatumları əsasında danışıqlar mümkünsüzdür. Bundan əlavə, Ukraynada Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı qüvvədədir və bu qərara əsasən, hazırkı Rusiya prezidenti ilə rəsmi danışıqlar aparılması qadağandır. Bununla belə, Kiyev prinsip etibarilə görüş ideyasını tamamilə rədd etmir.

Daha əvvəl yayılan məlumatlara görə, tərəflər arasında üçtərəfli formatda keçirilən danışıqların növbəti raundu uğurlu alınarsa, Zelenski ilə Putin arasında görüş Moskva və ya Kiyevdə baş tuta bilər. Lakin bu ehtimal hələlik siyasi və hüquqi maneələrlə üzləşir.

Kremlin "irəliləyiş" arqumenti və Qərbin tənqidi baxışı

Kremlin sözçüsü Dmitri Peskov isə danışıqlar prosesinin başlanmasını artıq "sülh yolunda irəliləyiş" kimi qiymətləndirir. Onun sözlərinə görə, münaqişənin tənzimlənməsi ilə bağlı mürəkkəb məsələlərin ekspert səviyyəsində müzakirə olunması dialoqun başladığını göstərir və bu, artıq müsbət addımdır.

Eyni zamanda, analitiklər qeyd edir ki, Moskva qapalı danışıqlarda daha praqmatik və kompromisə açıq mövqe nümayiş etdirir, ictimai
bəyanatlarda isə maksimalist, o cümlədən ərazi tələblərini əhatə edən ritorikaya üstünlük verir.

Ukrayna tərəfi isə ABŞ-ın danışıqlardakı "irəliləyişi" bəzən şişirtdiyini düşünür. Ukraynalı rəsmilərin fikrincə, Vaşinqton bəzən adi diplomatik nəzakəti belə ciddi irəliləyiş kimi qiymətləndirir ki, bu da Kiyevdə narazılıq doğurur.

Chosen
17
1
moderator.az

2Sources