EN

Fitso Mar-a-Laqodakı görüşdən sonra Trampın vəziyyətindən şoka düşdüyünü bildirib

Slovakiyanın baş naziri, Trampın Avropadakı azsaylı müttəfiqlərindən biri, Aİ sammitində ABŞ prezidentinin ünsiyyət tərzindən narahat qaldığını deyib...

Müəlliflər: Nikolas Vinokur və Zoya Şeftaloviç
Politico nəşri

Slovakiyanın baş naziri Robert Fitso ötən həftə Aİ sammitində avropalı liderlərə bildirib ki, ABŞ prezidenti Donald Trampla Mar-a-Laqoda keçirdiyi görüş ondan sonra ciddi narahatlıq yaradıb. Bu barədə söhbətin məzmunu ilə tanış olan beş avropalı diplomat məlumat verib.

İki diplomatın sözlərinə görə, Avropada Trampın “Avropanın zəif tərəfləri” ilə bağlı mövqeyini mütəmadi dəstəkləyən azsaylı liderlərdən biri olan Fitso ABŞ prezidentinin “psixoloji vəziyyətindən” narahat olduğunu bildirib. Onların dediyinə görə, Fitso 17 yanvar tarixində Floridadakı Mar-a-Laqo iqamətgahında baş tutan şəxsi görüş zamanı Trampdan aldığı təəssüratı təsvir edərkən “təhlükəli” sözünü işlədib.

Fitsonun avropalı həmkarları ilə söhbəti 22 yanvar tarixində Brüsseldə, Trampın Qrenlandiyanı ələ keçirməklə bağlı hədələrindən sonra çağırılan fövqəladə Aİ sammitinin kənarında baş verib. Liderlər ABŞ prezidentinin bir gün əvvəl Qrenlandiya məsələsinə görə bir sıra Avropa ölkələrinə rüsum tətbiqi hədələrindən geri çəkilməsindən sonra gərginliyi azaltmağa çalışıblar.

Diplomatların sözlərinə görə, Slovakiya baş nazirinin fikirləri liderlər və Aİ-nin yüksək vəzifəli rəsmiləri arasında baş tutan ayrıca qeyri-rəsmi söhbət zamanı səslənibş Politico-ya danışan diplomatların heç biri söhbətdə şəxsən iştirak etməsə də, bir neçə lider sonradan ayrı-ayrılıqda onlara bu müzakirənin məzmununu çatdırıb.

Bütün mənbələr Politico-ya anonimlik şərti ilə danışıblar. Onlar Aİ-nin dörd müxtəlif ölkəsini təmsil edir. Beşinci mənbə isə Aİ-nin yüksək vəzifəli rəsmisidir. Hamısı bildiriblər ki, Trampın Fitsoya konkret olaraq nə dediyini və bu reaksiyaya nəyin səbəb olduğunu bilmirlər.

Fitsonun bu şərhləri xüsusilə diqqət çəkir, çünki o, Avropada ən açıq-aydın pro-Tramp mövqeli siyasətçilərdən biri sayılır. Mar-a-Laqo görüşündən sonra Fitso Facebook-da video paylaşaraq ABŞ prezidentinə çıxışının olmasını qabardıb, həmçinin Vaşinqtonun Rusiya-Ukrayna müharibəsinə yanaşmasına dəstəyini ifadə edib. Bir il əvvəl o, ABŞ-də Mühafizəkar Siyasi Fəaliyyət Konfransında (CPAC) çıxış edərək amerikalı auditoriyaya demişdi ki, “sizin prezidentiniz Avropaya böyük xidmət göstərir”.

Çərşənbə günü Fitso X sosial şəbəkəsində yazıb: “Politico portalının Brüsseldə keçirilən qeyri-rəsmi sammitdə guya ABŞ prezidenti D. Tramp ilə görüşümü necə qiymətləndirdiyimlə bağlı yaydığı yalanı qəti şəkildə rədd edirəm. Heç kim heç nə eşitməyib, heç nə görməyib, şahid yoxdur, amma bu, Politico-ya yalan uydurmağa mane olmayıb”.

Fitso bildirib ki, Brüsseldəki qeyri-rəsmi sammitdə çıxış etməyib və əlavə edib: “ABŞ prezidentinin bir çox strategiyaları ilə razıyam, bəziləri ilə isə yox. Venesuela ilə bağlı sərt bəyanatımdan sonra ABŞ-a səfərimin ləğv olunacağını səmimi şəkildə gözləyirdim. Bu baş vermədi və bu, mənə ABŞ prezidenti ilə görüşü daha da qiymətləndirməyə əsas verdi”.

“Bu, özlərinə əhəmiyyət verməyə çalışan anonim avropalı diplomatlar tərəfindən yayılan tamamilə saxta xəbərlərdir. Mar-a-Laqo görüşü müsbət və məhsuldar keçib”, deyə Ağ Evin mətbuat katibi Anna Kelli isə bildirib.

Görüşdə iştirak edən və söhbəti təsvir etmək üçün anonim qalmağı xahiş edən Tramp administrasiyasının yüksək vəzifəli nümayəndəsi isə bildirib ki, heç bir narahatlıq doğuran və ya uyğunsuz məqam xatırlamır. Onun sözlərinə görə, Fitsonun özü tərəfindən xahiş edilən görüş xoş və normal atmosferdə keçib və Ağ Evin fotoqrafı tərəfindən çəkilmiş yüngül, qeyri-rəsmi anları da əhatə edib.

Bir avropalı diplomatın sözlərinə görə, Fitso Trampla görüşdən sonra “sarsılmış” təsiri bağışlayıb. Diplomat, söhbətdə birbaşa iştirak etmiş liderin ona çatdırdığı ifadələrə istinadən, Slovakiya baş nazirinin ABŞ prezidentini “özündə olmayan” kimi xarakterizə etdiyini bildirib.

Dərin böhran

Fitsonun şəxsi narahatlıqları onun Mar-a-Laqo səfəri ilə bağlı Facebook-da paylaşdığı rəsmi açıqlamalarla kəskin ziddiyyət təşkil edir.

Videoda Fitso Floridadakı iqamətgaha dəvətin ABŞ prezidenti tərəfindən ona göstərilən “yüksək hörmət və etimadın” əlaməti olduğunu deyib. Onun sözlərinə görə, “qeyri-rəsmi və açıq danışıqlar” zamanı liderlər Ukrayna məsələsini, eləcə də Aİ-nin “dərin böhran” vəziyyətində olması ilə bağlı ortaq baxışlarını müzakirə ediblər.

ABŞ səfəri zamanı Vaşinqtonla mülki nüvə əməkdaşlığı üzrə saziş imzalayan Fitso videoda nə Trampın Qrenlandiya iddialarına, nə də onun yanvar ayında Venesuela lideri Nikolas Maduronun ələ keçirilməsi ilə bağlı əməliyyatına toxunub.

O, müzakirələrin, o cümlədən Ukrayna üzərində cəmləndiyini vurğulayaraq bildirib ki, Vaşinqton onun fikirləri ilə maraqlanır, çünki Slovakiya “Brüssel tutuquşusu” deyil, yəni Aİ institutlarının mövqelərini kor-koranə təkrarlamır.

Fitsonun şərhlərindən asılı olmayaraq, Avropa liderləri və yüksək vəzifəli rəsmilər ABŞ prezidentinin “qeyri-proqnozlaşdırılanlığı”ndan getdikcə daha çox narahat olurlar. Bu barədə ötən həftəki söhbət barədə birbaşa brifinq almamış altıncı Aİ diplomatı bildirib.

ABŞ prezidentinin sağlamlıq vəziyyəti ilə bağlı narahatlıqların “bütün səviyyələrdə getdikcə daha çox müzakirə olunan mövzuya çevrildiyini” Brüsseldə və paytaxtlar arasında siyasi müzakirələrdə iştirak edən Aİ rəsmilərindən biri deyib.

79 yaşlı Tramp bu həftə New York Magazine jurnalına açıqlamasında idrak qabiliyyətinə təsir edən hər hansı xəstəliyi olmadığını qəti şəkildə inkar edərək, Alzheimer xəstəliyindən əziyyət çəkmədiyini bildirib.

“Mən bunu etməyəcəyəm, yaxşı?”

Trampın bir il əvvəl yenidən hakimiyyətə qayıtmasından sonra Avropa hökumətləri ABŞ-nin Rusiya-Ukrayna müharibəsi, administrasiyanın ultrasağ siyasətçilərə açıq dəstəyi, azad ticarətə maneələr və ABŞ-nin qitənin təhlükəsizliyində rolu kimi məsələlərdə mövqeyi ilə necə işləmək lazım olduğunu anlamağa çalışırlar.

Bu ayın əvvəlində Tramp Fransa, Almaniya və Böyük Britaniya daxil olmaqla səkkiz Avropa ölkəsinə qarşı yeni rüsumlar tətbiq etməklə hədələyib və bildirib ki, bu ölkələr Danimarkaya məxsus yarı-muxtar ərazi olan Qrenlandiya üzərində nəzarəti ələ keçirmək cəhdlərinə mane olurlar. O, adanın güc yolu ilə ələ keçirilməsi ehtimalını da istisna etməyib.

Ötən həftə Davosda çıxışı zamanı Tramp Qrenlandiyanın əldə olunması üçün “dərhal danışıqlar” tələb edib, lakin hərbi gücdən istifadəni istisna etdiyini deyib.

“Biz yəqin ki, heç nə əldə etməyəcəyik, yalnız həddindən artıq güc və qüdrət tətbiq etməyə qərar versəm, başqa məsələ. O zaman, açığını desək, qarşısıalınmaz olarıq. Amma mən bunu etməyəcəyəm, yaxşı?” deyə Tramp bildirib.

Çıxışdan sonra o, NATO-nun baş katibi Mark Rütte ilə Qrenlandiya üzrə müəyyən çərçivə razılaşması barədə razılığa gəldiyini və hədəsini geri çəkdiyini söyləyib, lakin bu iddia olunan razılaşmanın detalları hələ də açıqlanmayıb.

Ötən həftəki sammitdə Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merts - Aİ-nin iki ən nüfuzlu lideri həmkarlarını xəbərdar ediblər ki, bu mümkün razılaşmaya baxmayaraq, blok təhlükəsizlik məsələlərində ABŞ-dən asılılığını azaltmalıdır.

Görüşdən sonra Avropa Komissiyasının sədri Ursula fon der Lyayen liderlərin bir dərs çıxardığını bildirib: Trampa qarşı “sərt”, lakin “eskalasiyasız” mövqe tutmaq effektiv strategiyadır və bu xətt davam etdirilməlidir.

Poliqon.info

Chosen
13
poliqon.info

1Sources