EN

Tramp Xameneiyə bu şərtləri irəli sürdü: İran cavab verməsə, müharibə başlayacaq

Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda ABŞ ilə İran arasında qarşıdurma riski yenidən gündəmə gəlib. Bəs, ABŞ İrana hücum etməmək üçün Tehrana konkret olaraq hansı tələbləri irəli sürür və İran bu şərtlərlə razılaşmağa hazırdırmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Vaşinqton həm siyasi, həm də hərbi təzyiqləri mərhələli şəkildə artırır.

Onun sözlərinə görə, ABŞ-ın təzyiq siyasəti artıq İranda daxili etirazların güclənməsinə səbəb olub:

“Amerika çalışır ki, İran zənginləşdirilmiş uran ehtiyatlarını təhvil versin, nüvə proqramından tamamilə imtina etsin, ballistik raket sistemlərini minimum səviyyəyə endirsin və regiondakı proksi qüvvələrə verdiyi dəstəyi dayandırsın. Bundan əlavə, struktur islahatları da tələb olunur”.

Məhəmməd Əsədullazadə, politoloq

Politoloq hesab edir ki, İran bu tələblərin hamısını birdəfəyə qəbul etməyəcək:

“Türkiyənin xarici işlər naziri Hakan Fidan da bildirib ki, bu proses mərhələli şəkildə həyata keçirilməlidir. Hazırda danışıqlar bu müstəvidə davam edir. İran tərəfi şərtləri qəbul etməzsə, hərbi əməliyyatların başlama ehtimalı realdır. Çünki İran rəhbərliyi prinsipial mövqedən geri çəkilmir və müqavimət göstərir”.

Əsədullazadə vurğulayıb ki, tərəflər arasında razılaşma əldə olunmasa, müharibə başlayacaq:

“Proses bu istiqamətə doğru gedir. Digər tərəfdən, İran rialının sürətlə dəyər itirməsi və yüksək inflyasiya əhalinin sosial vəziyyətini daha da ağırlaşdırıb. Belə bir durumda ABŞ və İsraillə mümkün müharibə İran iqtisadiyyatını tam çökdürə bilər.

İran tərəfi tam olmasa da, bəzi tələbləri qəbul etməlidir. Burada əsas vasitəçi ölkə kimi Türkiyə ön plana çıxa bilər”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Chosen
27
konkret.az

1Sources