Rusiya hərbçilərinin Qamışlıdakı aerodromdan çıxarılması məsələsi Rusiya Müdafiə Nazirliyinin səlahiyyətidir.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Vladimir Putin və Əhməd əl-Şaraa Rusiya qoşunlarının Suriyadakı mövcudluğunu müzakirə edəcəklər.
“Silahlı Qüvvələrimizin Suriya Ərəb Respublikası ərazisində yerləşdirilməsi məsələlərinə gəlincə, bu, Müdafiə Nazirliyinin səlahiyyətindədir”, - Peskov bununla bağlı Müdafiə Nazirliyinə müraciət olunmasını tövsiyə edib.
Peskov Dəməşqin Bəşər Əsədin ekstradisiyası tələbi ilə bağlı sualı da şərh etməyib.