EN

“Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün ABŞ-nin dəstəyi davam edəcək” - AÇIQLAMA

"Davos İqtisadi Forumu Azərbaycan dövləti üçün önəmli hadisələrlə yadda qaldı. Azərbaycan Prezidenti həmin forum çərçivəsində 20-yə yaxın dövlət və hökumət başçıları, şirkət rəhbərləri və digər nüfuzlu şəxslərlə görüşlər keçirdi, ciddi müzakirələr aparıldı. Ənənəsinə sadiq qalaraq, Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda Azərbaycan dövlətinin yürüdəcəyi siyasətlə bağlı mövqeyini nümayiş etdirdi".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Xəyal Bəşirov Davosda Azərbaycan və ABŞ prezidentləri İlham Əliyevlə Donald Trampın görüşünü şərh edərkən bildirdi.

Müsahibimiz əlavə etdi ki, bu tədbir çərçivəsində Azərbaycan Prezidentinin üç dövlət başçısı ilə görüşü olub.

"Dövlət başçıları səviyyəsində keçirilən görüşlər Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampla, İsrail Prezidenti İsaak Hersoqla və Finlandiya Prezidenti Aleksandr Stubb ilə baş tutdu. Donald Trampın son zamanlar yürütdüyü siyasət, dünya liderlərinə münasibətdə bəzi məqamlarda tənqidi yanaşma tərzi ortaya qoyması və yürüdülən siyasət nəticəsində əlçatmaz bir liderə çevrilməsi, təbii ki, onun görüşdüyü və görüşünə önəm verdiyi şəxslərə münasibətdə diqqəti artırır. Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında münasibətlər bu günün mövzusu deyil. Donald Trampın ilk prezidentlik dövründə də bu münasibətlər çox yüksək səviyyədə olub. İkinci prezidentlik dövründə də Azərbaycan Prezidentinin ABŞ Prezidenti ilə münasibətləri bütün dünyanın diqqət mərkəzindədir. Çünki Prezident İlham Əliyev həm Donald Trampın hakimiyyətdə olduğu dövrdə, həm də onun hakimiyyətdə olmadığı, yəni 2021–2025-ci illər aralığında mövqeyində heç bir dəyişiklik etmədi. Prezident İlham Əliyev hətta 2024-cü ildə keçirilən seçkilər zamanı, seçkilərdən öncə belə öz mövqeyini açıq şəkildə bəyan etdi. Hələ heç bir rəsmi məlumatın olmadığı bir vaxtda Donald Trampa dəstəyini, ən azından onun ədalətli olduğunu, əvvəlki prezident seçkilərində haqlarının pozulduğunu açıq şəkildə bəyan etdiyinə görə, mən düşünürəm ki, Donald Trampın Azərbaycan Prezidentinə münasibəti səmimidir. Yəni burada prosesin arxasında hər hansı gizli məqam dayanmır. Prezident İlham Əliyevin ədalətli mövqeyinə görə, açıq şəkildə heç kimdən çəkinmədən öz mövqeyini ifadə etdiyinə görə Donald Trampın ona münasibəti səmimi olub. O, dəfələrlə Prezident İlham Əliyevdən sitatlar gətirib, onun mövqeyi və çıxışları ilə bağlı məqamları öz sosial şəbəkə hesablarında paylaşıb. Ağ Evdə Prezident İlham Əliyevlə görüşü zamanı nümayiş etdirdiyi münasibət, onun ünvanına səsləndirdiyi fikirlər və bir sıra digər addımlar göstərdi ki, Donald Trampın Azərbaycan Prezidentinə və Azərbaycan dövlətinə münasibəti hansı formadadır", - deyə politoloq qeyd etdi.

Onun fikrincə, Prezident İlham Əliyevin Sülh Şurasına təsisçi üzv kimi dəvət olunması, eləcə də Donald Trampın orada keçirdiyi ikitərəfli görüşlərdən birini məhz onunla keçirməsi, təbii ki, bir çox mətləblərdən xəbər verir:

"Bu, Donald Trampın Azərbaycana, Azərbaycan dövlətinin rəhbərinə və Azərbaycan xalqına olan münasibətindən açıq şəkildə xəbər verir. Eyni zamanda, 907-ci düzəliş kimi mürtəce bir qanunu dəyişmək istəyi və bu istiqamətdə göstərilən təşəbbüs də ümumilikdə Donald Trampın Azərbaycanla ABŞ arasında münasibətlərə baxışını ortaya qoyur. Bu baxımdan mən düşünürəm ki, Davos İqtisadi Forumunun bu şəkildə davam etməsi və orada baş verən hadisələr, keçirilən görüşlər, xüsusilə də Donald Trampla İlham Əliyev arasında keçirilən ətraflı görüş bir daha onu göstərir ki, Azərbaycanla ABŞ arasında münasibətlər inkişaf etdiriləcək. Cənubi Qafqazda baş verən proseslərə və reallıqlara ABŞ-nin dəstəyi davam edəcək. Bu isə təbii ki, Cənubi Qafqazda sülh, çiçəklənmə, inkişaf və təhlükəsizlik baxımından önəm kəsb edən amillərdən biridir. Bunun da Cənubi Qafqaza münasibətdə müəllifi, təbii ki, Prezident İlham Əliyevdir. Prezident İlham Əliyev müdrik xarici siyasəti və praqmatik diplomatiyası nəticəsində Cənubi Qafqazı, eləcə də Azərbaycanı bu səviyyəyə qaldıran siyasi xətti irəli aparıb".

Nuriyyə NATİQQIZI

Chosen
9
redaktor.az

1Sources