EN

Kürdəmirdə susuz qalan sakinlər: "Baxan yoxdur, dərdimizi kimə deyək?" - VİDEO

Kürdəmir rayonunda magistral su boru xəttində qəza baş verib.

 

Hadisə Külüllü-Kürdəmir magistral su xəttinin 31-ci kilometrliyində qeydə alınıb.

 

Borunun partlaması nəticəsində Kürdəmir şəhər mərkəzi və 6 kənd daxil olmaqla ümumilikdə 8 400 abonentə içməli suyun verilməsi dayandırılıb.

 

"Keyfiyyətsiz borulardır, dəqiqəbaşı partlayır. Evimiz suyun içindədir. Kanalizasiya işləmir. Belə yaşayış olmaz", - sakinlərdən biri deyib.

 

Digər sakin isə narazılığını belə ifadə edib: "Hər ay su borusu partlayır, ancaq baxan yoxdur. Dərdimizi kimə deyək?! Sabah evimiz dağılanda harada qalacağıq?".

 

"Gəlib gördüm ki, heyvanlarım su içindədir. Mənim təsərrüfatıma kim baxacaq? Əziyyət çəkirəm, yetim adamam. Ev tikmişəm, evim suyun içindədir. Haradasa 5-6 min manat ziyan dəyib mənə", - sakinlərdən biri bildirib.

 

Problemlə bağlı Kürdəmir Su Meliorasiya Sistemləri İstismarı İdarəsindən bildirilib ki, diametri 500 millimetrlik su boru xəttində qəza baş verib:

 

"Qəza baş verən anda idarənin texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub. Hazırda qəzanın aradan qaldırılması üçün tədbirlər görülür. Çalışırıq ki, əhalinin su təminatını bərpa edək".

 

Qaraqocalı kəndində təxminən 10-a yaxın həyətyanı sahəyə dəyən ziyanla bağlı Kürdəmir Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, problemin yaranmasına səbəb su xəttindəki qəza deyil, yağış sularıdır.

 

Tarix: 28 Yanvar 2026, 00:09   
Chosen
30
2
pravda.az

3Sources