EN

Azərbaycan və Qazaxıstan arasında autizm sahəsində əməkdaşlıq memorandumu imzalanıb

BAKI, 27 yanvar. TELEQRAF

Qazaxıstanın Astana şəhərində Türk Dövlətləri Autizm Federasiyasının növbəti beynəlxalq tədbiri keçirilib.

Teleqraf xəbər verir ki, tədbirdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin autizm üzrə fəaliyyət göstərən təşkilatlarının təmsilçiləri və Azərbaycan nümayəndə heyəti iştirak edib.

Tədbirdə ölkəmizi Milli Məclisin deputatı, Türk Dövlətləri Autizm Federasiyasının fəxri prezidenti Vüqar İskəndərov, Türk Dövlətləri Autizm Federasiyasının prezidenti Elnur Məmmədli, Azərbaycan Autizm Assosiasiyasının vitse-prezidenti Sona Əliyeva, eləcə də Assosiasiyanın üzvləri təmsil ediblər.

Görüş zamanı autizm spektr pozuntusu olan şəxslərin sosial inteqrasiyasının gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, regional əməkdaşlığın genişləndirilməsi, idman yarışlarının təşkili, təlim proqramlarının hazırlanması və maarifləndirmə tədbirlərinin keçirilməsi istiqamətində mühüm qərarlar qəbul edilib.

Tədbirin sonunda Azərbaycan Autizm Assosiasiyası ilə Qazaxıstan Milli Autizm Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum iki ölkə arasında autizm sahəsində təcrübə mübadiləsinin aparılması, ortaq layihələrin icrası, reabilitasiya, təlim və sosial dəstək proqramlarının inkişaf etdirilməsi üçün yeni imkanlar açır.

Qeyd edək ki, Türk Dövlətləri Autizm Federasiyası çərçivəsində bu cür beynəlxalq platformalar regionda autizm sahəsində vahid yanaşmanın formalaşdırılmasına, elmi-praktiki əməkdaşlığın gücləndirilməsinə və ailələr üçün daha əlçatan xidmətlərin yaradılmasına mühüm töhfə verir.

Chosen
51
2
teleqraf.com

3Sources