EN

Əxlaq ölçənlər yenə iş başında - Rəqsanə haqlıdır, yoxsa Səidə?

Bəzən istifadə etdiyimiz hansısa geyim, səhnə fotosu və ya dediyimiz bir cümlə cəmiyyəti “güzgü”nün qarşısına keçirir. O güzgüdə isə adətən görünüşümüz deyil, düşüncələrimiz görünür. Belə olanda isə kiminsə düşüncələrinin nə qədər dar, köhnə və geridəqalmış olduğunun şahidinə çevrilirik.

Son bir neçə gündür aparıcı Səidə Bəkirqızı ilə müğənni Rəqsanə İsmayılova arasında yaşanan qalmaqal da məhz bu “güzgü”nü üzümüzə tutmağa şərait yaratdı.

Sosial media yenə iki yerə bölündü. Bir qrup “Səidə haqlıdır”, digərləri isə “Rəqsanə düz edir” deyərək məsələni müzakirə etməyə başladı. Amma çox az adam oturub hadisənin haradan başladığına, nə deyildiyinə, niyə deyildiyinə baxdı. Qulaqdan-qulağa ötürülən sözlər, qısaldılmış videolar, kontekstdən çıxarılmış cümlələr geniş yayıldı, paylaşıldı, yazıldı, pozuldu, bir sözlə, hamı danışdı...

Mən isə tənbəllik etməyib, görüntülərə lap əvvəldən baxmaq qərarına gəldim.

Müzakirələr aparıcı Səidə Bəkirqızının Rəqsanə İsmayılovanın “bodi” geyinərək fotosessiya etdirməsinə reaksiya verməsi ilə başlayıb:

“Fazil müəllim bu fotosessiyaya baxıb nə dedi? Dedi ki, həyatım, çox gözəl görsənirsən? Rəqsanə İsmayılovaya sahiblənmək, onu evinin xanımı etmək üçün kişi hünəri lazımdır. O da hər kişinin işi deyil. Özəlinizi özəllərinizə saxlayın. Hər kişi sizin ayaqlarınızı görmək istəmir. Görmək istəyən hansısa bir şəkildə yolunu tapıb görür. Sürünü sizə qurban edənlər var da. Amma mən qurban olmaq istəmirəm. Adam nə qədər lüt ətcəbala görər? Səhnəni döndəriblər zooparka. Busqalterlə çıxırlar efirə”.

İndi sual yaranır:

Ay hörmətli aparıcı, kim sizə bu ixtiyarı verib? Kim qərar verib ki, qadının bədəni ictimai müzakirə mövzusu olsun? Kim deyib ki, bir qadının geyimi onun ailə həyatı, əri, “sahiblənilməsi” və ya əxlaqı ilə ölçülsün?

“Əri bilər, özü bilər” deyimi var. Amma görünür, bizdə hələ də belə düşünənlər üçün yer dar gəlir.

Daha maraqlısı isə Aygün Kazımova məsələsidir. Aparcı iddia edir ki, 50 il əvvəl bu tərz geyimi Aygün Kazımova istifadə edibmiş və ona yaraşıbmış. Çünki A.Kazımovanın bədən proporsiyaları buna icazə verirmiş, Rəqsanənin isə yox. Üzr istəyirəm, amma bu bədən proporsiyalarını ölçən komissiya nə vaxt yaradılıb? Kim qərar verir ki, hansı bədən hansı paltarda daha yaxşı görünür? Qadın özünü güzgüdə bəyənirsə, özünü rahat hiss edirsə, səhnədə özünü ifadə edirsə, başqasının zövqü niyə ona maraqlı olmalıdır?

Məsələ təkcə geyim deyil. Məsələ odur ki, biz hələ də qadını öz bədəni üzərində söz sahibi kimi yox, ictimai müzakirə obyekti kimi görürük. Bizə kimsə çıxıb “bu olmaz”, “bu yaraşmaz”, “bunu kişi götürməz” sözlərini asanlıqla deyə bilir.

Rəqsanə İsmayılovanın Səidə Bəkirqızına verdiyi cavab da cəmiyyətdə birmənalı qarşılanmadı. Bunu danmaq olmaz. Amma gəlin dürüst olaq, sən bir qadının həyat yoldaşına “hər kişinin hünəri çatmaz” deyəndə, aldığın cavab da gülü-çiçəkli olmayacaqdı.

Əziz xələf aparıcımız bunlarla da kifayətlənməyib, üstəlik Rəqsanəni dediklərinə görə məhkəməyə verməklə hədələyib. Hələ bu da azmış kimi müğənni üçün həbs müddəti də seçib. Nə az, nə çox, düz 6 ay... Deyəsən, aparıcımız həm də məhkəmə hakimidir. Hələ üstəlik bildirib ki, bu məsələ nə üzr istəməklə, nə də hər hansı təzminatla bağlanacaq. Aparıcı birmənalı şəkildə onun həbs olunmasını tələb edəcək. Dediklərinə görə, Rəqsanənin ona qarşı səsləndirdikləri fikirlər açıq-aşkar böhtan və təhqir faktıdır. Bağışlayın, amma bu artıq televiziya aparıcılığı yox, hakimlik iddiasıdır.

Sənin danışdıqların bəs nə idi? Camaatın durduq yerə geyiminə qarışıb, ərinə də demədiyin qalmayıb, üstəlik haqlı olmağa da çalışırsan.

Səhv anlamayın, mən Rəqsanə İsmayılovanın vəkili deyiləm. Nə də onun tərəfini saxlamaq niyyətim yoxdur. Lakin görünən dağa bələçi lazım deyil…

Nə deyim vallah... Ha deyirəm ki, “Danabaş kəndi”ndən çıxaq. İmkan vermirlər. Beynimiz, düşüncələrimiz hələ də orada ilişib qalıb. Sonra da deyirik ki, 21-ci əsrdə yaşayırıq…

Aydan Hacı


Telegram kanalımız
Chosen
102
yenisabah.az

1Sources