EN

Pəhan Hüseynin partiyası vəzifə və pul istəyir - MÜSAHİBƏ

Keçmiş Baş nazir Pənah Hüseyn bir neçə gün əvvəl sosial media hesabında bir sənədin fotosunu paylaşıb. O, həmin paylaşımına “AXP-də Qiyas Sadıqov dönəmi” qeydini yazıb.

Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi Elşad Məmmədlinin imzaladığı çığarışda qeyd olunub ki, 2025-ci il dekabrın 22-dən Azərbaycan Xalq Partiyasının (AXP) sədri Qiyas Sadıqovdur.

Nazirlik partiyanın son qurultayının nəticələrini rəsmən təsdiqləyib. Bununla da Qiyas Sadıqov AXP-nin sədri kimi legitim status qazanıb.

Q.Sadıqov yeni rəhbərliyin formalaşdırılması, partiyanın gələcək planları və siyasi hədəfləri ilə bağlı “Yeni Sabah”ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

- Qiyas bəy, sədr seçilmisiz, partiyanın rəhbər orqanları tam formalaşdırılıbmı?

- Xeyr, hələ tam formalaşdırılmayıb. Dekabrın 14-də qurultayımız keçirildi. Dekabrın 16-da sənədləri Ədliyyə Nazirliyinə təqdim etdik. Yanvarın 19-da isə reyestrdən çıxarış aldıq. Yəni təxminən 7-8 gündür rəsmi fəaliyyət göstəririk. Hazırda rəhbər orqanlara təyinatlarla bağlı müzakirələr gedir. Yəqin ki, yaxın günlərdə təyinatlar olacaq.

- Bəs siz özünüzə müavinlər təyin etmisinizmi? Ümumiyyətlə, partiya rəhbərliyində kimlər yer alır?

- Hələlik müavinlər təyin edilməyib. Amma bu yaxın 3-4 gün ərzində həll olunacaq məsələdir.

- Partiyanın qurucusu Pənah Hüseyn hazırda hansı statusdadır? Ona hər hansı vəzifə verilməsi nəzərdə tutulurmu?

- Pənah bəy partiyanın təsisçilərindən olub. Hələlik onun partiyada yeni tutuması ilə bağlı yekun qərar qəbul edilməyib. Müzakirələr aparılır, amma hazırda konkret qərar yoxdur. Bugünkü statusu sıravi üzvdür.

- Hazırda partiyanın qərargahı varmı?

- Bəli, var. Gözəl bir qərargahımız mövcuddur. İstənilən vaxt buyurub gələ, qonağımız ola bilərsiniz.

- Hansı ərazidə yerləşir?

- Mərkəzə yaxın ərazidədir. Keçmiş “Lider” telekanalının binasındadır, ofisimiz 16-cı mərtəbədədir.

 - Son vaxtlar partiyaya yeni üzvlər gəlirmi?

- Bəli, yeni üzvlər müraciət edirlər. Xüsusilə son dövrlərdə maraq artıb və düşünürəm ki, bu proses davam edəcək, yeni üzvlərin sayı artacaq.

- Daha çox hansı yaş qrupları müraciət edir?

- Əsasən, gənclər müraciət edirlər. Bu məni fərəhləndirir. Müxtəlif regionlardan və fərqli sahələrdən olan insanlar var.

- Qiyas bəy, gənclər bu gün siyasətdə bir qədər passiv görünürlər. Sizcə, bunun səbəbi nədir və bunu necə aradan qaldırmaq olar?

- Bütün partiyalarda yaş aralığı 50-55-dir, gənclər aktiv deyillər. Məncə, bu, iqtisadi vəziyyətlə, həm Azərbaycanda, həm də dünyada gedən proseslərlə, eləcə də insan hüquqları ilə bağlı məsələdir. Amma hesab edirəm ki, Azərbaycanın çox potensiallı gəncliyi var. Gəncləri öz gələcəklərinə və ölkənin gələcəyinə inandırmaq lazımdır. Azərbaycanın gələcəyi gənclərin əlindədir və onlar daha fəal olmalıdırlar. Siyasət həyatın bir hissəsidir.

- Partiyanın yaxın dövr üçün əsas siyasi hədəfi nədir? Məsələn, 5 il sonra AXP-ni harada görmək istəyirsiniz?

- Partiyanın əsas hədəfi iqtidara gəlməkdir. Bu, bütün siyasi partiyaların qarşısına qoyduğu məqsəddir. Azərbaycan xalqına xidmət etmək üçün hakimiyyətdə təmsil olunmaq lazımdır. Yaxın hədəfimiz isə bələdiyyə və parlament seçkilərində uğur qazanmaqdır.

- Müxalifət partiyaları ilə blok yaratmaq ehtimalını düşünmüsünüzmü?

- Bəli, bu mümkündür. Qeyri-mümkün bir şey yoxdur. Zaman-zaman müxtəlif siyasi bloklarda iştirak etmişik. Məsələn, “Bizim Azərbaycan”, “Azadlıq” blokunda olmuşuq. Gələcəkdə belə bir təklif olarsa, dəyərləndirə bilərik. Hətta elə bir zaman gələ bilər ki, biz belə bir təşəbbüslə çıxış edək.

- Dövlət büdcəsindən maliyyə alırsınızmı? Ümumiyyətlə, bu məsələni necə həll edirsiniz?

- Bu, bir az problemli məsələdir. Hələlik dövlət büdcəsindən maliyyə almırıq. Aprel ayında məlum olacaq ki, dövlət tərəfindən bizim partiyaya maliyyə ayrılacaq, ya yox. Bu gün pul almırıq. Hazırda maliyyə məsələləri bir qədər çətindir, açığı, vəziyyət asan deyil.

Xatırladaq ki, Pənah Hüseyn 1999-cu ildə təsis etdiyi Azərbaycan Xalq Partiyasının ilk sədri olub. Sabiq baş nazir 2025-ci il iyunun 16-da partiya sədrinin səlahiyyətlərinin icrasını müavini Qiyas Sadıqova həvalə etmişdi.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Chosen
117
50
yenisabah.az

10Sources