Xəbər verdiyimiz kimi, Hindistanda ölümcül Nipah virusu yayılıb və xəstəlik yeni pandemiya potensialına malikdir. Artıq Ümumdünya Səhiyyə Təşkilatı da bu barədə xəbərdarlıq edib. Bəs bu virusun Azərbaycanda da yayılma ehtimalı var?İnfeksionist həkim Mərdan Əliyev Metbuat.az-a açıqlamasında bildirib ki, Nipah virusu yüksək ölüm göstəricisi olan təhlükəli viruslardan biridir. Onun sözlərinə görə, xəstəliyin ilkin əlamətləri əsasən yüksək qızdırma, baş ağrısı, baş gicəllənməsi, halsızlıq və əzələ ağrıları ilə müşahidə olunur: “Bu simptomlar ilkin mərhələdə qripə bənzəsə də, sonradan xəstəlik ağırlaşaraq beyin iltihabına, yəni ensefalitə səbəb ola bilər. Virusun təhlükəliliyi də məhz bu ağırlaşmalarla və yüksək ölüm riski ilə bağlıdır. Nipah virusu virus mənşəli beyin iltihabına yol açır və bu səbəbdən ciddi təhlükə hesab olunur. Xəstəliyin əsas mənbəyi xüsusi yarasa növləridir. Ancaq bu yarasalar Azərbaycanda mövcud deyil. Sözügedən yarasa növləri virusun daşıyıcısıdır və insanlara yoluxmanı təmin edə bilir”. M.Əliyev qeyd edib ki, yoluxma əsasən qida vasitəsilə baş verir. Daha çox yarasaların çirkləndirdiyi meyvələr və su yoluxma mənbəyi hesab olunur. Çox nadir hallarda insandan insana kontakt yolu ilə yoluxma mümkündür. Hava-damcı yolu ilə yoluxma ehtimalı da qeyd olunur, lakin bu da olduqca az rast gəlinən haldır: “Məhz bu səbəbdən Nipah virusunun pandemiya törətmə ehtimalı koronavirusla müqayisədə xeyli aşağıdır. Koronavirus hava-damcı yolu ilə asanlıqla yayıldığı halda, Nipah virusunda belə geniş yayılma mexanizmi yoxdur. Bu baxımdan virusun hazırkı mərhələdə Azərbaycana yayılma ehtimalı yüksək qiymətləndirilmir. Nəzəri olaraq, xaricdə yoluxmuş şəxslərin, istər xarici vətəndaşlar, istərsə də Azərbaycan vətəndaşlarının ölkəyə qayıtması ilə risk yarana bilər. Lakin bu ehtimal da hazırda olduqca aşağı hesab olunur. Ümumilikdə, Nipah virusunun hazırkı vəziyyətdə Azərbaycana gəlmə riskinin çox aşağı olduğu düşünülür”. Sevinc İbrahimzadə / Metbuat.az