EN

Ukrayna Xarici Kəşfiyyat Xidməti: Rusiya Cənubi Qafqazda təsirini nəhayət itirir...

TRIPP proqramı Moskvanın regiondakı əsas vasitəçi rolunu zəiflədir…

Poliqon xəbər verir ki, Ukrayna Xarici Kəşfiyyat Xidmətinin açıqlamasına görə, “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu” (TRIPP) proqramı Rusiyanı Cənubi Qafqazda əsas oyunçu mövqeyindən tədricən uzaqlaşdırır. Bildirilir ki, bu proses Moskvanın uzun illər regionda yeganə vasitəçi kimi çıxış etməsi praktikasını faktiki olaraq sona çatdırır.

Açıqlamada qeyd olunur ki, ən azı 49 il müddətində birgə erməni–amerikan idarəedici şirkət layihənin fəaliyyətini və Ermənistanla Azərbaycan arasında müharibədən sonra formalaşmış keçmiş qarşıdurma tərəfləri arasında kommunikasiyanı təmin edəcək. Vurğulanır ki, yaxın vaxta qədər Rusiya özünü regionda əsas və alternativsiz vasitəçi kimi təqdim edirdi.

Məlumata görə, TRIPP çərçivəsində neft və qaz kəmərlərinin, optik-lif şəbəkələrinin çəkilməsi, həmçinin İranla sərhəd boyunca yerləşən dəmir yolu xətti istiqamətində dəmir yolu və avtomobil infrastrukturlarının yaradılması nəzərdə tutulur. Layihənin benefisiarları bildirirlər ki, bu dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan üzərindən keçərək Türkiyəyə və Avropa ölkələrinə uzanan Transxəzər marşrutunun “vacib halqası” olacaq. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sözlərinə görə, layihədə Rusiyanın iştirakı ABŞ və Ermənistan tərəfləri arasında ümumiyyətlə müzakirə olunmayıb.

Eyni zamanda, açıqlamada Ermənistanın baş naziri Nikol Paşinyanın “Rusiya Dəmir Yolları” ASC-yə ünvanladığı sərt mesajdan da bəhs edilir. Bildirilir ki, hazırda Ermənistan dəmir yollarının konsessioneri olan şirkətə Azərbaycan və Türkiyə sərhədlərinə qədər dağıdılmış dəmir yolu xətlərinin qısa müddətdə bərpası təklif olunub. Əks halda, bu işlərin Ermənistanın öz hesabına görüləcəyi və bunun Rusiyanın regionda mövcudluğunun məqsədəuyğunluğunu ciddi şəkildə sual altına qoyacağı vurğulanır.

Ukrayna Xarici Kəşfiyyat Xidməti hesab edir ki, bu proseslər Rusiyanın Cənubi Qafqazda siyasi, iqtisadi və nəqliyyat sahələrində təsir imkanlarının sistemli şəkildə azalmasından xəbər verir və regionda yeni geosiyasi balansın formalaşdığını göstərir.

Poliqon.info

Chosen
31
poliqon.info

1Sources