EN

Sərhəddə gərginlik: Kürdləri aktivləşdirən qüvvə kimdir?

Son zamanlar Türkiyə-Suriya sərhədində kürdlərin fəaliyyəti nəzərəçarpacaq dərəcədə artıb. Sərhəd bölgəsində həm Suriya, həm də Türkiyə tərəfdə qarşıdurmalar müşahidə olunur. Analitiklər bildirirlər ki, bu aktivlik təkcə yerli hərəkətlərdən qaynaqlanmır, xarici təsirlər də rol oynaya bilər.

Kürdləri bu qədər fəallaşdıran qüvvələr kimlərdir və onların arxasında hansı maraqlar dayanır?

Elnur Ənvəroğlu

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Elnur Ənvəroğlu deyib ki, region ekspertləri, həmçinin beynəlxalq müşahidəçilər, məqsədin həm siyasi, həm də strateji təzyiq yaratmaq olduğunu bildirirlər:

“Türkiyə sərhədindəki bu vəziyyət bölgədəki sabitliyə və təhlükəsizlik balansına ciddi təsir göstərə bilər. Burada nə tək bir mərkəz, nə də sadə bir səbəb var. Sadəcə ortada regional və qlobal maraqların kəsişməsi müşahidə olunur. Hər kəs bunu bilir ki, ABŞ uzun illərdir Suriyanın şimalında YPG/SDF ilə işləyir, onlara hər cür dəstək göstərir. Hətta haşiyə çıxıb deyə bilərəm ki, Balkan ölkələrindən köhnə Sovet silahlarını alıb uzun illər onları təmin ediblər.

Rəsmi arqument “İŞİD-lə mübarizə”dir.

Vaşinqton hətta bunu Ankaraya İŞİD-lə mübarizə kimi sırımağa çalışır. Amma real məqsəd çoxşaxəlidir:

Birincisi, İranın Aralıq dənizinə çıxışını məhdudlaşdırmaq;

İkincisi, Dəməşqi tam nəzarətdən buraxmamaq;

Üçüncü, və ən əsası Türkiyənin bölgədə manevr imkanlarını balanslamaqdır;

Siyasi terminlə ifadə etsək, ABŞ açıq şəkildə Türkiyəyə qarşı çıxmır, amma kürd faktorunu “təzyiq rıçağı” kimi masada saxlayır. Sərhəddə gərginliyin artması Ankaraya “bu bölgədə sən tək oyunçu deyilsən” mesajıdır.

Digər səbəb kimi burada İsrailin dolayı marağını da qeyd edərdim.

Misal üçün, İsrail üçün Suriyanın şimalında mərkəzi hakimiyyətin zəif qalması, İran təsirinin parçalanması strateji baxımdan əlverişlidir. Düzdür, İsrail kürdləri birbaşa idarə etmir, amma kürd kartının regional balansda oynanmasını problem hesab etmir. Xüsusilə İran-İsrail gərginliyi fonunda bu daha aydın görünür.”

E. Ənvəroğlu deyib ki, digər ehtimalım zəif görünsə də, qeyd etməliyəm ki, İran faktoru burada qaçılmazdır:

“İran Türkiyənin Suriyada hərbi mövcudluğundan, Azərbaycanla yaxınlaşmasından və xüsusən də Zəngəzur dəhlizi gündəminin getdikcə reallaşmasından narahatdır. Bu kontekstdə İranın bəzi kürd strukturları üzərindən dolayı təzyiq mexanizmləri işə salması ehtimalı az deyil. Xüsusilə Türkiyə daxilindəki lokal toqquşmalar bu şübhəni gücləndirir”.

“Ən nəhayəti, bütün olanların Suriyadakı kürd dinamizmi ilə bağlı olduğunu hesab edirəm. Məsələ yalnız kənardan idarə edilmir. Şübhəsiz, kürd qrupları da Suriyada mümkün siyasi boşluqdan və regional xaosdan öz mövqelərini gücləndirmək üçün istifadə etməyə çalışırlar. Yəni unutmamaq lazımdır ki, kürdlər sadəcə alət deyil, həm də aktiv oyunçudur” – deyə E. Ənvəroğlu bildirib.

Atilla Rzasoy

Chosen
64
nocomment.az

1Sources