Rusiyanın Karakasdakı səfiri Sergey Məlik-Bağdasarov ABŞ-nin Venesuela Prezidenti Nikolas Maduronu saxlamasına yerli təhlükəsizlik qurumlarının müdaxilə etmədiyini bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Məlik-Bağdasarov Rusiyanın dövlət kanalı "Rossiya-24"-ə verdiyi açıqlamada Rusiya neft şirkətlərinin Venesuelada fəaliyyətlərini davam etdirdiyini bildirib.
Rusiya şirkətlərinin ölkədəki neft hasilatı prosesində iştirak etdiyini qeyd edən Məlik-Bağdasarov şirkətlərin Venesuela rəhbərliyinin qəbul edəcəyi qərardan asılı olmayaraq, öhdəliklərini yerinə yetirəcəklərini vurğulayıb. ABŞ-nin hərbi əməliyyatla Maduronu saxlamasını dəyərləndirən Məlik-Bağdasarov deyib:
"Elektron avadanlıqlar, silahlar – bütün bunların arxasında ordu dayanır. Ordu da əmr gəldikdə, atəş açır. Bu, o deməkdir ki, əmr olmayıb". Məlik-Bağdasarov Venesuelada ordunun ABŞ əməliyyatı zamanı səhlənkarlıq etdiyini iddia edib:
"Təhlükəsizlik qüvvələrinin çoxu edə biləcəklərini etmədilər. Bu hadisəyə qədər yaşananları xəyanət kimi qəbul edə bilərik. Venesueladan qaçan, Amerika kəşfiyyatı üçün sistematik şəkildə işləyən bu xainlərin adlarını bilirik”.