Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin hazırkı iş qrafikində ABŞ Prezidenti Donald Trampla görüş nəzərdə tutulmayıb.
Editor.az xəbər verir ki, Peskovun sözlərinə görə, buna baxmayaraq, iki lider arasında görüş qısa müddət ərzində təşkil oluna bilər.
Rusiya dövlət başçısının mətbuat katibi qeyd edib:
“Hazırda belə bir görüş gündəmdə deyil. Lakin bu məsələ çox tez koordinasiya oluna bilər. Mövcud əlaqə kanalları, o cümlədən ABŞ tərəfi ilə dialoq mexanizmləri ən yüksək səviyyədə ikitərəfli təmasların operativ şəkildə razılaşdırılmasına imkan verir”.
Bir gün əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Trampın Ankoricdə keçirilən görüş zamanı Rusiyaya səfərə dəvət aldığını bildirmişdi. Ryabkov əlavə edib ki, həmin təklif indiyədək reallaşdırılmayıb.
Nazir müavini vurğulayıb ki, Rusiya bu kimi məsələlərdə “sarsılmaz mövqeyə” malikdir və əvvəlcə görüşün mahiyyəti, daha sonra isə keçirilmə yeri barədə razılıq əldə olunmalıdır.
//Gülnarə Abasova, Editor.az