ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Azərbaycanda çox ciddi demoqrafik problem yaşanır – təbii artım hər il aşağı düşür. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2025-ci ilin 11 ayı ərzində (yanvar-noyabr) ölkədə 88 min 135 körpə doğumu qeydə alınıb. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə də azalma deməkdir. Əhalinin hər 1000 nəfərinə düşən göstərici baxımdan azalaraq, 10,1-dən 9,4-ə düşüb.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda 122 min 846 doğum faktı qeydə alınıb. 2023-cü ildə doğulanların sayı təxminən 10 min nəfər azalıb – 112 min 620 körpənin dünyaya gəlməsi rəsmiləşib. 2024-cü ildə isə təxminən daha 10 min azalma qeydə alınıb – 102 min 310.
Bizimyol.info xəbər verir ki, doğulanların sayında azalma olsa da, ölənlərin sayında əvvəlki illə müqayisədə artım qeydə alınıb. 2025-ci ilin yanvar-noyabr ayları ərzində ölkədə 54 min 582 ölüm halı baş verib. Beləliklə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,7-dən 5,8-ə qədər artıb. Xüsusən, təbii doğumun kəskin azalması ölkədə ciddi demoqrafik problemin yaşanmasından xəbər verir və narahatlıqlara yol açır.
Hökumət təmsilçiləri də bu problemin mövcidluğunu etiraf edir. Lakin onlar iddia edirlər ki, doğum sayının azalması bütövlükdə dünyada baş verən tənəzzülün göstəricisidir. Bu, Azərbaycandan da yan keçmir.
Sosioloqlar isə hesab edir ki, Azərbaycanda doğumun ilbəil kəskin şəkildə azalması daha çox ölkədəki sosial-iqtisadi vəziyyətlə əlaqəlidir.
Sosioloq Mətanət Yusifova deyir ki, təbii artımın aşağı düşməsində pandemiyadan tutmuş, insanların güzəranının ağırlığı, sabahının sığortalı olmamasına qədər çoxsaylı faktorların rolu var: “Pandemiya ilə əlaqədar təxminən iki il ərzində ölkədə toylar olmadı. Bunun nəticəsi olaraq, sonrakı illərdə doğulanların sayında da azalma oldu. Bu, səbəblərdən biridir. Son dövrlər ailələr bir və ya iki uşaq dünyaya gətirir. Əvvəlki dövrlərdə 7-8 uşaqlı ailələr çoxuşaqlı sayılırdısa, artıq 4-5 uşağı olan ailəyə çoxuşaqlı kimi yanaşırlar. Hətta 3 uşağı olan ailələrin də sayı çox deyil. Çünki insanların bir çoxu indi o uşaqları gələcəkdə necə böyüdəcəklərini düşünürlər. Əlbəttə, bunu düşünmədən, plansız şəkildə də uşaq dünyaya gətirənlər var”.
Sosioloqun sözlərinə görə, işsizlik, ailələrin bir çoxunun şəxsi evinin olmaması kimi faktorlar da təbii artıma təsir göstərən amillərdəndir.
Mətanət Yusifova əlavə edib ki, gənclərin də evlilik və nəsil artımı ilə məsələlərə münasibəti dəyişib: “Gənclər bir çoxu evliliyə əvvəlki kimi yanaşmırlar. Burada boşanmaların da rolu var. Gənclər evlənməyə tələsmirlər, əvvəlki kimi “yaşım keçir” kimi söhbətlər eləmirlər. Bir çoxu hesab edir ki, hazır deyilsə, evlənməməlidir. Evlənən gənclər də var ki, uşaq dünyaya gətirməyə tez-tələsik qərar vermirlər, bunun məsuliyyətini dərk edirlər. Bütün bunlar doğulan uşaqların sayının aşağı düşməsinə gətirib çıxarır”.
Sosioloq vurğulayıb ki, ölkədən gedənlərin sayı da kifayət qədər çoxdur. Bu faktor da əhali artımında öz sözünü deyir.
Aytən, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.