EN

Tramp niyə Əliyevlə Paşinyanın arasında əyləşib? - AÇIQLAMA

"Sülh Şurası nizamnaməsinin imzalanması mərasimində Azərbaycan və Ermənistan liderlərinin Trampın yanında əyləşdirilməsi daha çox sülhlə bağlı əldə olunmuş nəticənin əyani şəkildə nümayiş etdirilməsi məqsədi daşıyırdı. Tramp bu məsələni dəfələrlə vurğulayaraq, Azərbaycan və Ermənistan arasında müharibənin bitirilməsində rol oynadığını bildirib. Bu isə müəyyən qədər mübahisəli məqamdır, çünki faktiki olaraq bu məsələ Azərbaycan və Ermənistan arasında, əsasən də Azərbaycanın təşəbbüsü ilə artıq həll olunmuşdu. Sadəcə olaraq, bölgədə baş verən bir çox proseslərin tənzimlənməsi üçün beynəlxalq zaminə, beynəlxalq zəmanətçiyə ehtiyac var idi. Bu kontekstdə Amerika ilə Azərbaycanın maraqları müəyyən mənada üst-üstə düşdü və məsələ bu istiqamətdə irəlilədi".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Asif Nərimanlı Sülh Şurası nizamnaməsinin imzalanması mərasimində Azərbaycan və Ermənistan liderlərinin Amerika Prezidenti Donald Trampın yanında əyləşdirilməsindən danışarkən bildirdi.

Onun sözlərinə görə, Tramp bu prosesi xüsusilə qabartmağa və dünyaya nümunə kimi təqdim etməyə çalışır:

"O, dəfələrlə çoxsaylı münaqişələri həll etdiyini bəyan etsə də, real mənzərəyə baxdıqda, həqiqətən də ciddi irəliləyiş əldə olunan yeganə münaqişə Ermənistan-Azərbaycan münaqişəsidir. Digər münaqişələrlə bağlı isə məsələ hələ də sual altındadır və bir çox hallarda yalnız müvəqqəti atəşkəslər imzalanıb. Bu baxımdan Tramp və ümumilikdə Amerika administrasiyası Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaları ən real sülh nümunəsi kimi təqdim edir. Məhz buna görə də Sülh Şurası nizamnaməsinin imzalanması mərasimində Azərbaycan və Ermənistan liderlərinin Trampın yanında əyləşdirilməsi bu məqamın əyani şəkildə göstərilməsi kimi qiymətləndirilə bilər. Sülh Şurasının nizamnaməsindən də göründüyü kimi, bu qurumun əsas məqsədi beynəlxalq münaqişələrin həllinə töhfə verməkdir. Cari dövr üçün əsas istiqamət kimi Qəzza münaqişəsinin həlli göstərilsə də, gələcəkdə digər münaqişələrin həllində də Sülh Şurasının fəal iştirak edəcəyi və müəyyən mənada BMT-yə alternativ bir platforma kimi çıxış edəcəyi nəzərdə tutulur".

Prezident

Siyasi şərhçi qeyd etdi ki, belə bir təşkilatı yaradan Amerika üçün Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülh nümayiş baxımından ən uğurlu nümunə hesab olunur:

"ABŞ bu yolla real sülhün mümkün olduğunu göstərməyə və Sülh Şurasının yaradılmasında məqsədin də məhz bu tip münaqişələrin, yəni Azərbaycan-Ermənistan münaqişəsi kimi problemlərin həllinə nail olmaq olduğunu vurğulamağa çalışır. Bu səbəbdən mərasim zamanı məhz Azərbaycan və Ermənistan liderlərinin Trampın yanında əyləşdirilməsi protokol baxımından təsadüfi deyil, konkret olaraq əyani nümunənin nümayiş etdirilməsi məqsədi daşıyırdı".

Xədicə BAXIŞLI

Chosen
23
redaktor.az

1Sources