EN

Sülh Şurası: Azərbaycanın etimada əsaslanan diplomatiyasının institusional təzahürü - ŞƏRH

Bakı, 23 yanvar, AZƏRTAC

2026-cı ildə Azərbaycanın Sülh Şurasına Təsisçi Üzv Dövlət qismində dəvət olunması beynəlxalq münasibətlər sistemində ölkəmizin tutduğu mövqenin formal təsdiqi olmaqla yanaşı, sülh diplomatiyasının artıq bəyanatlar deyil, institusional mexanizmlər üzərindən həyata keçirildiyini göstərən mühüm hadisədir. Bu dəvət, ilk növbədə, Azərbaycanın regional sabitliyə verdiyi konkret töhfələrin və qlobal təhlükəsizlik gündəliyində məsuliyyətli aktor kimi çıxış etməsinin nəticəsidir.

Sülh Şurası klassik beynəlxalq platformalardan fərqli olaraq, deklarativ çağırışlarla kifayətlənən qurum deyil. Şuranın əsas məğzi münaqişələrin erkən mərhələdə qarşısının alınması, postmünaqişə transformasiyası, təhlükəsizlik zəmanətləri və siyasi dialoq mexanizmlərinin formalaşdırılmasıdır. Bu çərçivədə təsisçilərin yalnız mövqe ifadə edən deyil, konkret proseslərdə vasitəçilik edən, hüquqi və siyasi alətlər təklif edən tərəflər kimi çıxış edəcəyi gözlənilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı politoloq Kazım Kazımov söyləyib.

Politoloqun sözlərinə görə, Azərbaycanın bu formatda yer alması təsadüfi deyil: “Ölkəmiz Cənubi Qafqazda münaqişədən sonra sülh quruculuğu mərhələsinə keçidi praktiki şəkildə həyata keçirmiş, təhlükəsizlik reallığını özü formalaşdırmış dövlətdir. Ermənistanla münasibətlər kontekstində birbaşa danışıqlar modeli, vasitəçisiz dialoq təşəbbüsü, münaqişəsonrası iqtisadi münasibətlərin formalaşması mexanizmi Sülh Şurasının elan edilən fəlsəfəsi ilə uzlaşır. Məhz bu səbəbdən Azərbaycanın təcrübəsi Şura çərçivəsində “case study” kimi təqdim olunur və müzakirə edilir”.

O qeyd edib ki, Azərbaycan-ABŞ münasibətləri kontekstində Sülh Şurasına üzvlük qarşılıqlı etimada əsaslanan yeni mərhələnin göstəricisidir. ABŞ tərəfi açıq şəkildə Azərbaycanın regional sabitlik yaradan aktor olduğunu, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və münaqişədən sonrakı bərpa modelləri sahəsində real nəticələr ortaya qoyduğunu qəbul edir. Bu tanınma siyasi bəyanatlarla deyil, məhz institusional əməkdaşlıq formatında öz əksini tapıb”.

“2025-ci ilin oktyabrında Şərm əl-Şeyxdə keçirilmiş Yaxın Şərq Sülh Sammiti Azərbaycanın qlobal sülh gündəliyində rolunu daha da konkretləşdirdi. Prezident İlham Əliyevin sammitdə çıxışı zamanı vurğuladığı “təhlükəsizlik yalnız güc balansı ilə deyil, legitimlik və ədalət üzərində qurulmalıdır” tezisi iştirakçı dövlətlər tərəfindən praktiki yanaşma kimi qəbul olundu. Azərbaycan tərəfi sammit çərçivəsində postmünaqişə reinteqrasiya modelləri, infrastrukturun sülh alətinə çevrilməsi və regional əməkdaşlıq mexanizmləri üzrə konkret təkliflər irəli sürdü”, - deyə müsahibimiz bildirib.

Politoloq əlavə edib ki, bu çıxışdan sonra Azərbaycanın Sülh Şurasının ilkin işçi qruplarına dəvət olunması artıq siyasi jest deyil, funksional zərurət idi: “Azərbaycan artıq təcrübə ötürən, model təqdim edən tərəf kimi çıxış edir. Beləliklə, Sülh Şurasına təsisçi üzvlük Azərbaycanın beynəlxalq mövqeyinin rəmzi deyil, funksional göstəricisidir. Bu, ölkəmizin sülhü yalnız çağırış səviyyəsində deyil, mexanizm, struktur və nəticə səviyyəsində təqdim etdiyini göstərir. Azərbaycan 2026-cı ildə qlobal sülh arxitekturasında müşahidəçi deyil, proseslərin formalaşmasında iştirak edən və məsuliyyət daşıyan dövlətdir. Bu isə Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik, suverenliyə əsaslanan və nəticəyönümlü xarici siyasətin real təzahürüdür”.

 

Chosen
23
azertag.az

1Sources