EN

Buzların altındakı imperiya planı: Vaşinqton Qrenlandiyanı niyə istəyir?

Qlobal güc mərkəzləri arasında rəqabətin kəskinləşdiyi bir mərhələdə Arktika regionu beynəlxalq siyasətin yeni qarşıdurma xəttinə çevrilməkdədir. Xüsusilə Qrenlandiya ətrafında baş verən proseslər böyük dövlətlərin enerji, təhlükəsizlik və nəqliyyat marşrutları üzərində nəzarət uğrunda mübarizəsinin açıq təzahürü kimi qiymətləndirilir. ABŞ-ın bu istiqamətdə artan fəallığı isə suverenlik, beynəlxalq hüquq və güc balansı məsələlərini yenidən gündəmə gətirir.

Politoloq Oqtay Qasımovun Editor.az-a açıqlamasına görə, Qrenlandiya məsələsi Amerika Birləşmiş Ştatlarının xarici siyasətində yeni mövzu deyil:

“ABŞ 1867-ci ildə Alyaskanı Rusiyadan satın aldıqdan sonra Qrenlandiya məsələsi də Vaşinqtonun strateji gündəminə daxil olmuşdu. Həmin dövrdə adanın ABŞ-a birləşdirilməsi ilə bağlı müxtəlif müzakirələr aparılmış, hətta Dövlət Departamenti tərəfindən müəyyən analitik hesabatlar hazırlanmışdı. Lakin bu planlar reallaşmadı. İkinci Dünya Müharibəsi dövründə Qrenlandiya yenidən diqqət mərkəzinə gəldi və ABŞ Danimarkaya 100 milyon dollar ödəməklə adanı satın almağa cəhd göstərdi. Danimarkanın bu təklifi qəbul etməməsindən sonra tərəflər uzun danışıqlar apardı və 1951-ci ildə Qrenlandiyada ABŞ hərbi bazalarının yerləşdirilməsini və təhlükəsizlik məsələlərinin Vaşinqtona həvalə olunmasını nəzərdə tutan razılaşma imzalandı.

Donald Trampın yenidən hakimiyyətə gəlməsi ABŞ-ın qlobal hegemonluğunu daha da gücləndirməyə yönəlmiş siyasətin aktiv fazaya keçməsi ilə müşayiət olunur. Hazırkı mərhələdə ABŞ Qərb yarımkürəsində, yəni Amerika qitəsində tam nəzarət mexanizmi formalaşdırmağa çalışır. Bu yanaşma mahiyyət etibarilə 1823-cü ildə qəbul edilmiş “Monro Doktrinası”nın müasir şərtlərə uyğunlaşdırılmış versiyasıdır. ABŞ-ın Venesuelada siyasi dəyişikliklərə təsir göstərməsi və Panama kanalı üzərində nəzarəti gücləndirməsi bu strategiyanın tərkib hissəsidir. Növbəti mərhələdə isə Rusiya, Çin və İranla yaxın əlaqələri olan region ölkələrinin təsir dairəsindən çıxarılması planlaşdırılır.”

Qasımov qeyd edib ki, Qrenlandiya ilə bağlı ABŞ-ın mövqeyi kifayət qədər açıqdır:

“Vaşinqton hesab edir ki, Qrenlandiya ABŞ-a birləşdirilməlidir. Bunun əsas səbəbi təhlükəsizlik faktorudur. ABŞ gələcəkdə ‘Qızıl Qübbə’ adlandırılan hava və ballistik raketlərdən müdafiə sisteminin qurulması üçün bu ərazini strateji zərurət kimi görür. Qrenlandiya ABŞ üçün qitələrarası və ballistik raket təhlükələrinə qarşı müdafiədə mühüm coğrafi mövqedir.

İkinci mühüm faktor iqtisadi və texnoloji təhlükəsizliklə bağlıdır. Qrenlandiyanın zəngin nadir mineral ehtiyatlara malik olduğu uzun müddətdir müzakirə olunur. Bu ehtiyatların əldə edilməsi ABŞ və ümumilikdə Qərbin Çindən texnoloji asılılığını ciddi şəkildə azalda bilər. Hazırda dünyada nadir elementlərin emalı və texnologiyada istifadəsinin təxminən 90 faizi Çinin nəzarətindədir ki, bu da Pekinə ciddi strateji üstünlük verir. Qrenlandiya bu balansın dəyişdirilməsi baxımından mühüm alternativ kimi dəyərləndirilir.

Üçüncü əsas məqam Arktikada buzların əriməsi və yeni nəqliyyat dəhlizlərinin formalaşması ilə bağlıdır
.İqlim dəyişiklikləri fonunda Arktika dəniz yollarının gələcəkdə qlobal yük daşımalarında əsas marşrutlardan birinə çevriləcəyi ehtimal olunur. ABŞ bu prosesə indidən hazırlaşaraq həmin yollar üzərində nəzarəti ələ keçirməyə çalışır”.

Politoloqun sözlərinə görə, bu səbəbdən Donald Trampın Qrenlandiya ilə bağlı israrlı mövqeyi təsadüfi deyil:

“Qrenlandiyanın ABŞ-ın nəzarətinə keçməsi Vaşinqtonun qlobal hegemon mövqeyini daha da gücləndirə və böyük güclər arasındakı rəqabətdə ona əlavə üstünlüklər qazandıra bilər. Kanada ilə bağlı səsləndirilən iddialar da eyni strateji xəttin tərkib hissəsidir. ABŞ hazırda dünyanın aparıcı supergücüdür və bu statusu genişlənmiş siyasi, hərbi və iqtisadi imkanlarla XXI əsrin sonuna, hətta XXII əsrə daşımaq niyyətindədir. Bu baxımdan Trampın Qrenlandiya ilə bağlı açıqlamalarına ciddi yanaşmaq lazımdır”.

//Gülnarə Abasova, Editor.az

Chosen
114
editor.az

1Sources