EN

Professor: Ana dilimizi qorumaq milli kimliyimizi mühafizə etməyin ən əsas şərtidir

Bakı, 20 yanvar, AZƏRTAC

Millətə məxsus dil onun milli mövcudluğunun əsasında dayanır. Bu mənada dilimizə münasibətimiz milli kimliyimizə münasibəti şərtləndirir. Ana dilimizi qorumaq milli kimliyimizi mühafizə etməyin ən əsas şərtidir. Bütün digər şərtlərlə bərabər xalqın millətə çevrilməsində milli özünüdərk amili həlledici rol oynayır.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru, Əməkdar müəllim Təyyar Salamoğlu deyib.

Onun sözlərinə görə, milli özünüdərkin əsasında milli şüurun formalaşması əsas şərtlərdən biridir. “Milli şüur milli mənafeyi həlledici amil kimi önə çəkməyi zəruri edir. Prezidentimiz xüsusi olaraq dediyi “biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər” sözləri hər bir Azərbaycan vətəndaşını milli varlığımızın mövcudlüğu, gələcək taleyi uğrunda mübarizəyə və əməli işə səsləyir. Təkcə dilimizin saflığı yox, həm də milli mövcudluğumuz, millət kimi tarixdən gələn varlığımız, milli özünütəyin keyfiyyətləri təhlükələrlə üz-üzədir. Dünyanın qloballaşması qaçılmaz siyasi prosesdir və milli mövcudluğun perspektivləri baxımından yaxşı heç nə vəd etmir. Buna görə də hər bir millətin qloballaşan dünyaya mənəvi müqaviməti zəruri şərt kimi irəli çıxır. Biz qloballaşan dünyaya milli mövcudluq atributlarımızı qoruyaraq, onu hər vəchlə hifz edərək, onun təlqinlərinə, xüsusən bizim milli mövcudluğumuza təhlükə törədə bilən məsələlərə ciddi müqavimət göstərərək getməliyik, azərbaycanlı kimi getməliyik”,- deyə T.Salamoğlu əlavə edib.

Chosen
20
1
azertag.az

2Sources