Moda dünyasında trendlər tez-tez dəyişsə də, elə geyim elementləri var ki, zamanın təsirinə məruz qalmır və hər dövrdə аktuallığını qoruyub saxlayır. Klassik biçimlər, sadə xətlər və funksional dizaynlar qarderobun əsas dayağı hesab olunur. Məhz bu cür geyimlər həm mövsümdən, həm də illər üzrə dəyişən dəb axınlarından asılı olmayaraq öz dəyərini itirmir və hər zaman zövqlü seçim kimi qəbul edilir.

Mövzu ilə bağlı SİA stil üzrə mütəxəssis, modelyer Şəlalə Maqsudovanın fikirlərini öyrənib.
Onun sözlərinə görə, bəzən geyim seçimlərində elə detallar olur ki, onlar müəyyən dövrün trendi kimi ortaya çıxsa da, zaman keçdikcə öz aktuallığını qoruyub saxlayır: "Məsələn, geyimlərdə varaniklərə rast gəlinir, eləcə də boş ölçülü və ya klassik üslubda biçimə malik pencəklər olur. Bu cür biçimli pencəklər, həmçinin klassik şalvarlar trendlərin dəyişməsindən asılı olmayaraq hər zaman dəbdə qalır, çünki onların sadə və funksional forması istənilən üsluba uyğunlaşa bilir.
Hər fəsildə və hər ildə istifadə oluna bilən klassik elementlər mövcuddur. Bu geyimlər mövsümi dəyişikliklərə baxmayaraq rahatlıqla kombinlənir, həm gündəlik, həm də rəsmi üslubda istifadə edilir və uzunömürlü olması ilə seçilir. Klassik parçalar insanın qarderobunda daim öz yerini qoruyur, çünki onlar zövqlü görünüş yaradır və zamanın sınağından keçmiş üslub nümunələri hesab olunur. Məhz buna görə də belə geyim elementləri heç vaxt dəbdən düşmür".